TQDK abituriyentlərə müraciət etdi

TQDK abituriyentlərə müraciət etdi
  08 Aprel 2014    Oxunub:1061
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət etdi.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aşağıda göstərilən kateqoriyalardan olan abituriyentlər elektron ərizələrini aprelin 30 dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsinə daxil olub özləri təsdiq etməlidirlər:

• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2014-cü ildə bitirən abituriyentlər;
• Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə 2012-ci və 2013-cü illərdə bitirən qız abituriyentlər;
• Azərbaycan Respublikasının ilk-peşə ixtisas təhsili müəssisələrini 2013-cü və 2014-cü illərdə bitirən qız abituriyentlər;
• 2012-ci və ondan sonrakı illərdə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər.

Bu kateqoriyalara aid olmayan abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə aprelin 30-dək müvafiq SQK-larda təsdiq etdirməlidirlər.

Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tam orta, orta ixtisas və ya ali təhsil haqqında sənədi: a)əvvəlki illərin məzunları sənədin əslini;
b)ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin bu il buraxılış imtahanlarına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentin buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı (Əlavə 5).
-Şəxsiyyəti təsdiq edən sənədin əslini: a) Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsini;
b)əcnəbilər şəxsi pasportunu və ya icazə vəsiqəsini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsini və ya icazə vəsiqəsini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri qaçqın vəsiqəsini.
-Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.

Ali və orta ixtisas təhsili olan abituriyentlər göstərilən sənədlərlə yanaşı SQK-ya aşağıdakı sənədləri də təqdim etməlidirlər:
-təhsil aldıqları müəssisə tərəfindən verilən və ali və ya orta ixtisas təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (Əlavə6);
-attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən müəyyən formada attestat qiymətləri göstərilən arayışı (Əlavə 7)

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti