Təhsildəki korrupsiya ilə bağlı rəsmi AÇIQLAMA

Təhsildəki korrupsiya ilə bağlı rəsmi AÇIQLAMA
  08 Aprel 2014    Oxunub:1121
“Təhsil Nazirliyinin bu məsələdə heç bir səlahiyyəti yoxdur”.
Təhsil Nazirliyinin rəsmiləri ötən ay ərzində nazirliyə daxil olan sorğular və mətbuatda əks olunan məlumatlarla bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırıb. AzVision.az xəbər verir ki, nazirlik sözcüsü Cəsarət Valehov tədris ilinin 3 həftə uzadılması məsələsinə münasibət bildirib.

O bildirib ki, bununla bağlı suallara aydınlıq gətirmək üçün müəllimlərlə birlikdə dəyirmi masa keçiriləcək:

“Həmin tədbirdə bütün bu məsələlər müzakirə olunacaq. Tədris ilinin uzadılması tədris prosesinə müsbət təsir edəcək. Şagirdlərin tətil müddəti çox uzundur və onlar 105 gün təhsildən ayrı qalırlar. Həmçinin tədris proqramları ağırdır və həm müəllimlər, həm də valideynlərdən bundan tez-tez şikayətlənir. Müddətin uzadılması sadalanan problemləri həll edəcək”.

C.Valehov həmçinin şagirdlərin tətil müddətində istirahətinin təmin edilməsi üçün yay məktəblərinin təşkil ediləcəyini bildirdi.

“Son bir il ərzində paytaxtın bir çox məktəblərinin müxtəlif bölgələrə turları təşkil edilir. Yay aylarında isə şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi üçün yay məktləbləri təşkil ediləcək ki, bu zaman onlar müxtəlif oyun və yarışlarda iştirak edəcək. Bununla bağlı artıq proqram hazırdır və tətil vaxtına yaxın bu barədə mətbuata məlumat veriləcək”.

Nazirlik rəsmisi təhsil şöbələri ilə bağlı son günlər mətbuatda yayılan korrpusiya iddialarına da aydınlıq gətirib.

Cəsarət Valehov deyib ki, nazirliyin media monitorinqləri zamanı təhsil şöbələrində korrupsiya halları ilə bağlı jurnalist araşdırmalarına rast gəlinir: “Qeyd etmək istəyirik ki, təshilə ayrılan vəsaitlər müvafiq icra hakimiyyətlərində toplanır və onların istifadəsinə həmin icra hakimiyyətləri nəzarət edir. Təhsil Nazirliyinin bu məsələdə heç bir səlahiyyəti yoxdur”.

Təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev məktəbli kitabçalarındakı qüsurlara görə nazirliyin məsuliyyət daşımadığını bildirib:

“Məktəbli kitabçalarında Mətbuat günü ilə bağlı səhvin getməsi texniki qüsur idi. Bunu heç kim bilərəkdən etməz. Amma qeyd etməliyəm ki, məktəbli kitabçalarının çapını nazirlik deyil, ayrı-ayrı nəşriyyatlar həyata keçirir. Həmçinin onların çapı bizimlə razılaşdırılmır. Bizə müraciət edilsəydi, bu səhv diqqətdən qaçmazdı”-deyə, Nazirlik rəsmisi əlavə edib.

Fatimə Kərimli



Teqlər:  



Xəbər lenti