Silahlı Qüvvələrin iclası barədə rəsmi məlumat

Silahlı Qüvvələrin iclası barədə rəsmi məlumat
  08 Aprel 2014    Oxunub:1111
Aprelin 8-də Bakı şəhərində MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Qazaxıstan Respublikası və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətləri iştirak edib.

Nümayəndə heyətlərinin rəhbərləri - Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov, Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov, Belarus Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, general-mayor İqor Lavrinenko, Müdafiə nazirinin birinci müavini - Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Saken Jasuzakov, Qırğızıstan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini polkovnik İlyazbəy Subankulov və onları müşayiət edən şəxslər əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

İclasın gündəliyinə uyğun olaraq nümayəndə heyətləri hərbi sahədə əməkdaşlıq üzrə bir sıra məsələləri müzakirə ediblər.

İclas iştirakçıları tərəfdaşlıq münasibətləri əsasında hərbi sahədə qarşılıqlı münasibətlərin təkmilləşdirilməsi məqsədilə 2020-ci ilədək MDB-nin üzvü olan dövlətlərin hərbi əməkdaşlığının inkişafına konseptual yanaşma məsələlərini razılaşdırıblar.

MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri görüşdə hərbi təyinatlı birgə sistemlərin gələcək inkişafı, o cümlədən, MDB iştirakçı ölkələrin Müdafiə nazirliklərinin Dövlət radiolokasiya tanınma birgə sisteminin təkmilləşdirilməsi, radioloji, kimyəvi və bioloji vəziyyətə nəzarət və qiymətləndirmə Birləşmiş sisteminin inkişafı məsələlərini müzakirə ediblər.

Humanitar minatəmizləmə məsələlərinin vacibliyini nəzərə alaraq MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsi humanitar minatəmizləmə tapşırıqlarının yerinə yetirilməsi dövründə MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələri mühəndis qoşunlarının hərbi qulluqçularının statusu haqqında Razılaşmanın layihəsini razılaşdırıb, o cümlədən, humanitar minatəmizləmə Birgə mühəndis taboru haqqında müzakirələr aparılıb.

Birlik çərçivəsində çoxtərəfli hərbi əməkdaşlığın prioritet istiqamətlərindən biri MDB hava hücumundan müdafiə sahəsində araşdırmalar və MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin maraqları üçün geoməkan məlumatların mübadiləsi sahəsində əməkdaşlıq iştirakçılar tərəfindən xüsusi qeyd edilib.
Nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər Planını razılaşdırıb və MDB iştirakçı dövlətlərin Silahlı Qüvvələrinin hərbi qulluqçularının səhra (hava, dəniz) hazırlığı üzrə yarışlarının təşkil edilərək keçirilməsini təsdiq ediblər.
O cümlədən, Rusiya Federasiyası Silahlı Qüvvələri panton-körpü bölmələrinin və MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin hərbi qulluqçularının birgə iştirakı ilə Ümumordu yarışının keçirilməsi təklif olunub. Gündəliyə daxil edilən sualların müzakirəsi zamanı keçiriləcək birgə tədbirlər və yarışların dost ölkələrinin hərbi bölmələrinin qarşılıqlı praktiki əlaqələrinin artmasına imkan yaradacaq.

MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin Bakı şəhərində təşkil olunmuş növbəti iclası konstruktiv və işgüzar şəraitdə keçirilib.

İclasda qəbul olunmuş qərarlar ümumi, regional və milli maraqlar nəzərə alınmaqla qarşılıqlı fəaliyyət formatında çoxtərəfli hərbi əməkdaşlıq sisteminin inkişafına istiqamətlənib.
Sonda sənədlərin imzalanması mərasimi keçirilib, xatirə şəkli çəkdirilib. Tədbirin sonunda MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasının yekunlarına dair kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat verilib.
Bununla da MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası sona çatıb.

İclas iştirakçıları Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ilə də görüşüblər.


Teqlər:





Xəbər lenti