İlham Əliyev: `Naxçıvanda böyük hərbi potensial yaradacağıq`

İlham Əliyev: `Naxçıvanda böyük hərbi potensial yaradacağıq`
  09 Aprel 2014    Oxunub:1132
`Bu gün biz Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edirik. Bu gözəl hadisə münasibətilə Naxçıvan Muxtar Respublikasının bütün sakinlərini və eyni zamanda, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm`. Bu sözləri Prezident İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə deyib.

Prezidentin sözlərinə görə, təsadüfi deyil ki, Naxçıvana 90 il bundan əvvəl Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdi: "Bu, Naxçıvanın rolunu, bu diyarın strateji əhəmiyyətini əks etdirən bir qərar idi. Ancaq bununla bərabər, o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdi. Çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə, bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda, böyük türk dünyası iki yerə bölünürdü. Bu, ədalətsizlikdir, bu, sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq".

Dövlət başçısı bildirib ki, Naxçıvanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır: "İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət ulu öndər Heydər Əliyevi bəxş edib. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərib. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görüb. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı.

Əfsuslar olsun ki, Heydər Əliyevin Azərbaycandan Moskvaya köçməsindən sonra bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da tənəzzül dövrü yaşanmışdı. Əldə edilmiş bütün uğurlar tədricən tənəzzül etmiş və muxtar respublika üçün çox ağır bir dövr başlamışdı. Biz o dövrü yaxşı xatırlayırıq. 1980-ci illərin sonları Naxçıvan üçün əsl sınaq dövrü idi. Xoşbəxtlikdən yenə də Ulu Öndərin rəhbərliyi ilə naxçıvanlılar bu ağır sınaqdan şərəflə çıxa bilmişlər".

İlham Əliyev xatırladıb ki, məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi: "Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar Ulu Öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. O vaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək Ulu Öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcək".

Prezident bildirib ki, Ulu Öndərin Azərbaycan tarixində rolu əvəzsizdir: "Şəxsiyyətlərin tarixdə rolu haqqında çoxlu kitablar, elmi əsərlər yazılmışdır. Ulu Öndərin həyat və fəaliyyəti, onun siyasəti şəxsiyyətlərin tarixdə rolu haqqında kifayət qədər geniş material verir. Bu böyük şəxsiyyətin rolu o qədər əhəmiyyətli və dəyərlidir ki, bu gün müstəqil Azərbaycan dövləti Ulu Öndərin siyasəti, cəsarəti, uzaqgörənliyi sayəsində inkişaf edir, yaşayır. Bizim müstəqilliyimiz ən böyük sərvətdir və hamımız yaxşı bilirik ki, XX əsrin əvvəllərində də Azərbaycan müstəqillik qazanmışdı. Ancaq biz o müstəqilliyi qoruya bilməmişdik. O müstəqilliyin ömrü müəyyən səbəblər üzündən uzun olmamışdır. Ancaq bu, reallıqdır və bundan da əlavə məhz o illərdə, müstəqillik illərində, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş qərara əsasən, bizim əzəli torpağımız olan İrəvan Ermənistana verilmişdir. Necə ki, ondan bir neçə il sonra bolşevik sovet hakimiyyəti Zəngəzuru ermənilərə vermişdir. Necə ki, ötən əsrin sonlarında Qarabağ işğal altına düşmüşdür. Görün bizim xalqımız nə qədər böyük faciələr yaşamışdır.

Ancaq buna baxmayaraq, xalqımızın iradəsi sınmayıb. Buna baxmayaraq, Azərbaycan bu gün inamlı inkişaf dövrünü yaşayır. Bu gün güclü Azərbaycan bölgə üçün, region üçün sabitləşdirici rol oynayır. Mən tam əminəm ki, güclü Azərbaycan və güclənən Azərbaycan bizə öz ərazi bütövlüyümüzü bərpa etməyə və gələcəkdə bütün tarixi torpaqlarımıza qayıtmağa imkan verəcək".

O illəri xatırlayarkən bir daha hamımız görürük ki, nə qədər ağır illər idi, ancaq, eyni zamanda, bizim qələbəmiz nə qədər şərəfli idi. Çünki bu qələbə Azərbaycan dövlətinin, Azərbaycan xalqının qələbəsi idi. Azərbaycan xalqı öz müstəqilliyini qoruya bilmişdir. Məhz ona görə ki, müstəqilliyin bünövrəsi 1990-cı illərin əvvəllərində Naxçıvanda qoyulmuşdur. Məhz ona görə ki, 1993-cü ildə Azərbaycan xalqının xahişi ilə Ulu Öndər Naxçıvandan Bakıya getmiş və orada Azərbaycanı böyük bəlalardan, vətəndaş müharibəsindən qurtarmış və Azərbaycana sabitlik gətirib".

İlham Əliyev vurğulayıb ki, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik, sürətli inkişaf dövrü yaşanır və müstəqilliyimizin banisi Heydər Əliyevin bu uğurlarda rolu əvəzsizdir: "Naxçıvan da sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir. Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır.

Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm".

Dövlət başçısı deyib ki, Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənib: "Naxçıvan Ordusu bu gün güclü Ordudur. Naxçıvan Ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır. Bu gün bu, belədir. Gələcəkdə Naxçıvanın hərbi potensialının gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək. Naxçıvanın hərbi potensialı elə olmalıdır ki, istənilən təcavüzə tutarlı, layiqli cavab verə bilsin. Bu gün bu, artıq reallıqdır.
Gələcək illərdə görüləcək əlavə tədbirlər hesabına biz Naxçıvanda daha da böyük hərbi potensial yaradacağıq. Buna imkan var. Azərbaycan dövləti zəngin dövlətdir. Bildiyiniz kimi, bizim dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulur. Nə qədər ki, torpaqlarımız işğal altındadır, bu, belə də olmalıdır".

Prezident qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: "Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda əlahiddə ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Yəni, bundan sonrakı illərdə də Naxçıvanın hərbi gücünün artırılması üçün əlavə tədbirlər görüləcək".

Qalereya




Teqlər:  





Xəbər lenti