Prezident:`Bu günədək görə bilmədiyimiz işləri görəcəyik`

Prezident:`Bu günədək görə bilmədiyimiz işləri görəcəyik`
  09 Aprel 2014    Oxunub:994
“Biz bu gün nəinki müstəqil dövlətik, nəinki öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparırıq, biz uğurlu dövlətik”. Bu sözləri Prezident İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə deyib.
Dövlət başçısı bildirib ki, biz böyük uğurlara imza atmışıq:

- Son on ilin nəticələri göz qabağındadır. Bu, statistikadır, bu, tarixdir, bu, reallıqdır. Son 10 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. Cəmi 10 il ərzində iqtisadiyyat 3 dəfə artıb. Bizi uzun illər incidən işsizlik kimi problem demək olar ki, aradan qaldırılıb. Yoxsulluq səviyyəsi ən aşağı həddədir. Azərbaycan bu gün bütün iqtisadi parametrlər üzrə ən qabaqcıl ölkələrlə eyni səviyyədədir, bəzi parametrlər üzrə inkişaf etmiş ölkələri də qabaqlayır. Bizim dövlət xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Azərbaycanda böyük həcmdə valyuta ehtiyatları yaradılmışdır və ümumi daxili məhsulumuzun 70 faizini təşkil edir.

Büdcə kəsiri çox aşağı səviyyədədir. İnfrastruktur layihələrinə qoyulan vəsait bu gün ölkəmizin hər bir yerində özünü göstərir, yeni imkanlar açır. Biznes imkanları da çox yaxşıdır. Azərbaycanda liberal iqtisadiyyat aparılır. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı dünyada 39-cu yerdədir.
Yəni, aparılan islahatlar, düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik bizim uğurlarımızı şərtləndirir. Son 10 ilin inkişafı onu göstərir ki, biz, Ulu Öndərin davamçıları onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik.

Prezident qeyd edib ki, siyasi islahatlar uğurla aparılır: "Azərbaycanda azad cəmiyyət formalaşıb. Bütün azadlıqlar mövcuddur. Siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, internet azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, bütün azadlıqlar var. Azərbaycan demokratik dövlətdir. Azərbaycan o dövlətdir ki, bu dövlətin inkişafını xalq müəyyən edir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas istiqamətdir, əsas yolumuzdur.

Yəni, bu gün Azərbaycan dövləti möhkəm təməl üzərində qurulub.
Bu təməl tarixə, xalqımızın əsrlər boyu yaratdığı dəyərlərə söykənir.
Milli ideologiyamıza söykənir ki, onun müəllifi ulu öndər Heydər Əliyevdir. Bu gün, eyni zamanda, bizim dövlətimiz möhkəm iqtisadi baza üzərində qurulubdur. İqtisadi müstəqillik siyasi müstəqilliyimiz üçün əsas şərtdir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu gün dünya üçün çox önəmli tərəfdaşa çevrilib: "Beynəlxalq nüfuzumuz artır. Dünya ictimaiyyəti bizi dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizə səs verməzdi. BMT Təhlükəsizlik Şurasının üzvü olmuşuq. Dünyanın ən mötəbər təşkilatı olan Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Bu il Avropa Şurasında sədrlik edəcəyik. Dünyada dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Yəni, budur bizim beynəlxalq nüfuzumuz. Beynəlxalq nüfuz, iqtisadi güc, hərbi potensial, sosial məsələlərin həlli, regional inkişaf proqramlarının uğurla icra edilməsi və prinsipial siyasət. Hər bir məsələ ilə bağlı bizim prinsipial mövqeyimiz var. Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsipial mövqeyini ifadə edir. Bu mövqe prinsiplər üzərində qurulub. Beynəlxalq hüquq və ədalət - bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır. Bizim üçün bu, belədir.

Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsipial mövqeyimizdən qaynaqlanır. Bizim tərəfdaşlarımız bilirlər ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

Biz gələcəyə böyük ümidlərlə, nikbinliklə baxırıq. Bizim gələcəyimiz daha da gözəl olacaqdır. Sözün düzü, hesab edirəm ki, bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülüb. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri - quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır. Bundan sonra Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanın uğurlu, dinamik inkişafı təmin ediləcək. Bu günədək görə bilmədiyimiz işləri görəcəyik. Görüləsi işlər var. Ancaq deyə bilərəm ki, xalqımızı narahat edən əsas sosial və iqtisadi məsələlərin böyük əksəriyyəti öz həllini tapıb.

Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”.


Teqlər:  





Xəbər lenti