Misir Mərdanovun təyinatı təsdiqləndi

Misir Mərdanovun təyinatı təsdiqləndi
  09 Aprel 2014    Oxunub:1274
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-nın mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, akademik Akif Əlizadənin iştirakı ilə bu gün baş tutan tədbirdə ilk olaraq Botanika İnstitutunun Bioinformatika laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru İlham Şahmuradovun “İnteqrativ biologiya və bioinformatika” adlı məruzəsi dinlənilib. Məruzə sual-cavab və müzakirələrdən sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib.

İclasda Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının layihəsi müzakirə edilib, hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı qərar qəbul olunub.

Növbəti qərarla AMEA-nın bir sıra alimləri adlı mükafatlara layiq görülüblər.

Rəyasət Heyətinin növbəti qərarları ilə AMEA-nın 19 institut və təşkilatının direktorlarının təyinatları təsdiq olunub.

Beləliklə, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə akademik Telman Əliyev Kibernetika İnstitutunun, AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Şamaxı Astrofizika Rəsədxanasının, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov Fizika İnstitutunun;
Yer Haqqında Elmlər Bölməsi üzrə akademik Akif Əlizadə Geologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov Coğrafiya İnstitutunun;

Humanitar və İctimai Elmlər Bölməsi üzrə akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev Dilçilik İnstitutunun, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin, AMEA-nın müxbir üzvü Rafael Hüseynov Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, AMEA-nın müxbir üzvü Teymur Kərimov Əlyazmalar İnstitutunun, filologiya üzrə elmlər doktoru Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun;
Biologiya və Tibb Elmləri Bölməsi üzrə akademik Məmməd Salmanov Mikrobiologiya İnstitutunun, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Fiziologiya İnstitutunun direktoru vəzifəsinə təsdiq olundular.

Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Zəkəriyyə Əlizadə isə Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təsdiq edildi.
Digər bir qərarla biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov AMEA Şəki Regional Elmi Mərkəzinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov isə Mərkəzin elmi katibi vəzifəsinə təyin edildilər.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti