Heydər Əliyev dedi ki, “Bala, get, dərsini oxu“

Heydər Əliyev dedi ki, “Bala, get, dərsini oxu“
  10 Aprel 2014    Oxunub:15623
Müsəllim Həsənov

Bu lent yazısı dostum və həmkarım Tofiq Abdinin vəfatından bir neçə gün sonra üzə çıxdı. Təsadüfən... İllər öncə evin hansısa küncünə atdığım və qəfildən gərəyim olan diktofonu götürüb üstündəki lentin yaddaşını saf-çürük edərkən...

Əvvəli BURADA

- ...Uzun bir koridor, bu ona təhvil verdi, o buna təhvil verdi, binanın dəniz tərəfdə bir otağına çatdıq. Gördüm, içəridə yaraşıqlı bir adam oturub, hərbi formada. Rütbəsini də anlaya bilmədim. Dedi, gətirin. Məni içəri saldılar. Başımı saldım aşağı. Kağızları qoydular onun qabağına... Bir azdan başını qaldırıb, - bu günkü kimi yadımdadır, dedi: Siz nə istəyirsiniz? Yavaşca dedim ki, vallah, heç nə istəmirik. Bir də qayıtdı ki, axı siz nə istəyirsiniz?
Mən bu dəfə başımı bir az da aşağı sallayıb susdum... Bugünkü kimi yadımdadır. Dedi, 1937-ci il olsaydı, sizin hamınızı güllələyərdilər. Ata-ananızın da sizi tələb etməyə haqqı olmazdı. Bir də kağızlara baxıb dedi: “Bala, get dərslərini oxu... Aparın...”

Koridora çıxanda yenə də anlamadım ki, məni indi hara aparacaqlar. Bircə ağlımdan o keçdi ki, axı atamın nə günahı var, mənim bu işlərdə nə işim var idi? İndi məni aparacaqlar, sonra atamı tutacaqlar. 37-də belə olduğunu bilirdim... Qapıya çatanda dedilər ki, bu qapıdan çıx... Çölə çıxanda anladım ki, buraxılmışam. Saata baxdım ki, artıq futbol başlayıb, stadiona getməyin mənası yoxdur.

3-4 gün sonra məni sorğu-suala tutan adam çağırdı. Dedi ki, bizimlə işləyərsən? Dedim başa düşmədim, necə? Həqiqətən, heç nə anlamırdım. Kənddən gəlmiş uşaq necə ola bilərdi? Dedim, vallah, mən anlamıram sizinlə işləmək nə deməkdir? Məndən ağlı bir şey kəsmədi və dedi “yeri çıx get, dərsini oxu...”

1972-ci ildə turist kimi xaricə gedəndə anladım ki, mənim bioqrafiyamda qara bir şey tapmayıblar ki, məni xaricə buraxırlar...

- Hara gedirdin?

- Ruminiya, Bolqarıstan... Rahat gedib-gəldim... Amma o zaman dəqiq yadımdadır ki, komsomolun katibi var idi, Pavlov, onun məruzəsində bizim təşkilat haqqında qısa bir cümlə getmişdi: “Nekie studentı Azerbaydjanskoqo Qosudarstvennoqo Universiteta” - çünki bizə qoşulan tələbələrin çoxu universitetdən idi, - “sozdali krujki”... nə bilim nə... Müsəllim, qardaşım, bu işdə bilirsən ən maraqlısı nə idi?

“Bizi onda Heydər Əliyev xilas edib...”

- Nə idi?

- Deyirəm e, məni apardılar bir kabinetə, hərbi formalı bir adam oturmuşdu. Axırda da dedi, aparın bunu... Bilirsən, o adam kim idi?

- Kim idi?

- Allaha and olsun, aradan neçə illər keçəndən sonra televizorda görəndə anladım ki, həmin adam Heydər Əliyev imiş. Bilmirəm, onda idarə rəisi olub, müavin olub... Onda bizi tuta bilərmişlər. Ən azından institutdan çıxara bilərmişlər. Bunları mən sonradan anlamışam. Bizi onda Heydər Əliyev xilas edib. Ona görə mənə dedi ki, bala, get dərsini oxu. Bilirsən, baxıblar ki, bunlar uşaq-muşaqdır... Bunlardan hökumət dağıdan olmaz... Sadəcə, bizi bədbəxt də eləməyiblər, söhbət bundan gedir.

Adil Qaçayoğlu: - Tofiq, sonradan Milli Təhlükəsizlik Nazirliyinə gedib o sənədlərlə tanış olmadın?

- O vaxt Rafaelə (Rafael Hüseynov – M.H.) dedim, mən nə təhər edim bu KQB-yə girim, ən azından öz dosyemə baxım ki, məndən nə soruşublar, mən nə cavab vermişəm. Məndən qabaq ora aparılan insanlar o qədər gözəl informasiya vermişdilər ki, yəni o dərnək nəydi, kimlər yığışırdı, siz nə istəyirdiniz...

Açığını deyim də, bizim uşaqlar adam göndərmişdi Bəxtiyar Vahabzadənin yanına, o da demişdi ki, sizin başınız xarabdır... Və eyni dəstə getmişdi Xalid Əlimirzəyevin yanına. Xalid Əlimirzəyev demişdi, mən sizə hər cür yardım edərəm. Bilmirəm, bunlardan hansı daha haqlı idi? Bəlkə Bəxtiyar Vahabzadə daha haqlı imiş? O vaxt Xalid Əlimirzəyevin cavabı bizə daha milli gəlirdi...

- Niyə Bəxtiyar Vahabzadə, niyə Xalid Əlimirzəyev?

- Biz düşündük ki, öz içimizdə qaynamaqla bir iş görə bilməyəcəyik. Nə qədər yığışıb Xəlil Rzanın şeirini müzakirə etmək olar? Nə qədər danışmaq olar ki, Cənubi Azərbaycanla birləşməliyik? Nə bilim, biz azərbaycanlıyıq, türk-zad söhbəti yox idi onda... Bizim yarımız o taydadır... Bunu nə qədər danışmaq olar? Dedik, bəlkə gedək bir yuxarılara müraciət edək. Yuxarılarda da seçilən iki adam var idi. Bəxtiyarın da o zaman çox milli şeirləri var idi... Mən getməmişəm onların yanına, onların yanına gedənlər gəldilər, dedilər söhbət belə oldu... Amma o yadımdır ki, o vaxt bizim bəzi qələm dostlarımız bizi ələ salırdılar...

- Bəs sizi kim satdı?

- Mənim evimdən şeirlərimi aparıb KQB-yə verən adamı da tanıyıram. Həmən bu balkonda, 1984-də, ya 85-də, - Aydın Abdullayev var idi, yadınıza gələr, - Eldar Baxış rəhmətliklə gəlmişdilər... Mənim bunları deməyim axmaq bir şeydir. Mənə, məsələn, Nəriman Əbdülrəhmanlının bir abzası ləzzət eləyir, o yazır ki, bəs bütün o hadisələr Tofiq Abdinin evindən çıxıb. Yəni bu barədə mənim danışmağım qeyri-təvazökar çıxır ey, qurban olum, məni düz başa düş... Aydın Abdullayev, Eldar Baxış, deməli, möhkəm içmişik, bu balkonda mənə dedi ki, sənin şeirlərini filankəs gətirdi verdi KQB-yə, bax yediyimiz bu şörək haqqı... Bu həmin 60-cı illərin əvvəlinin söhbəti deyil ha... Çox sonralar olan söhbətdi...

- Tofiq, sənin KQB-yə hansı şeirlərini aparmışdılar ki?

- 1966-67-ci illərdə, məsələn, mən Lenin haqqında şeirlər yazmışdım. Məsələn, orda mənim bir şeirim var idi – “Leninlə qohumluğum”. Məzmunu bundan ibarətdir ki, atama atası deyərmiş ki, Lenin sənin babandır. Mənə də atam dedi ki, Lenin sənin babandır. Mən də oğluma deyəcəm ki, Lenin sənin babandır. O da oğluna deyəndə artıq biz görəcəyik ki, Leninlə qohumluğumuz qalmayıb... İndi yazmağa nə var? O zaman belə şey yazmaq dəhşət idi. Yaxud Mirzə İbrahimovun “Gələcək gün” romanına bir şeir yazmışdım – “O gün nə vaxt gələcək?”. Bu şeir heç yerdə çap olunmamışdı, çap oluna da bilməzdi. Mən onu Tofiq Mütəllibovun dərnəyində oxumuşam. Bu şeir KQB-yə necə gedib çatmışdı, bilmirəm...

- Şair, məsələn, 40-cı illərdə İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu və başqalarının olduğu bir antisovet təşkilat da olub. Sizin ondan xəbəriniz var idimi?

- Yox, nə ondan xəbərimiz olub, nə də bizimlə paralel leytenant Şmidt zavodunda da bir təşkilat yaranıb, nə də ondan xəbərimiz olub... Mənim şeirlərimi apardılar, bir də makinam var idi, əski bir makina idi, onu da mənə kirvəm vermişdi, onda kirvə deyildik, o vermişdi ki, yazı-pozu ilə məşğul olum... Niyə apardılar o makinanı? Mən evdə olmayanda uşaqlar orda müraciətnamə yazmışdılar. KQB də müəyyən edib ki, o yazı mənim makinamda yazılıb...

Vahid Azərbaycan ideyasına aparan şeir...

- Sizdə Azərbaycanı birləşdirmək istəyi nədən yaranmışdı?


- Xəlil Rzanın şeirlərindən...

- Başa düşmürəm. Necə?

Əşi o vaxt onun məşhur şeiri var idi:
Şəbu-hicran, yanar canım,
O sahildə, bu sahildə...
Tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım
O sahildə bu sahildə.
Qoy birləşsin bir can olsun,
Vahid Azərbaycan olsun...


Bilirsən, o vaxt bu şeir nə demək idi? Dəhşət idi! Mən indi öz arxivimə baxıram. Ora “Üzü o taya” deyə bir poemam var. 64-65-ci illərin poemasıdır.

- Harda çap olunub?

- Heç yerdə! Ə, o zaman onu kim çap edərdi? Həmən poemanı dərnəkdə Tofiq Mütəllibov mənə oxudurdu, Kələntər oxudurdı, vəssalam. Nə çap? Bu yaxınlarda Kələntər mənə deyir, indi bilirəm, deyir onu çağırıb deyirlərmiş ki, niyə sən Tofiq Abdinə icazə verirsən dərnəkdə elə şeirlər oxuyur... Sən demə, mənə görə onu da incidirmişlər. Bilmirəm, bəlkə Anar müəllimi də çağırıb danlayıblar, “Qobustan”da işlədiyimiz illərə görə, nə bilim?..

- Maraqlıdır...

- İndiki kimi yadımdadır, o yediyin çörək haqqı... Mən Fərhad Bədəlbəyli haqqında bir yazı yazmışdım. Orda belə bir ifadə var idi ki, rus mətbuatında Fərhad Bədəlbəylini “sovetski pionist” kimi təqdim eləmişdilər. Mən də bir yazı yazmışdım ki, nədən sovetski pionist? Mən deyirdim ki, bunu yazın Azərbaycan pianoçusu, amma sovet musiqi məktəbinin yetişdirməsi... Bu, 70-ci illərin söhbətidir.
Mənim indiki kimi yadımdadır, o vaxtlar “Literaturnaya qazeta”da bir yazı çıxmışdı, Belyayev familiyalı bir şərqşünasın yazısı idi...

Adil Qaçayoğlu: - İqor Belyayev? Biz sonralar onun yazılarını maraqla oxuyurduq...

- Hə-hə... “Litqazeta”da işlədi uzun illər. O bir dəfə yazmışdı ki, Heydər Əliyev 19 yaşı olanda Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi məsələsi barədə düşünüb. Bu yazını mən öz gözlərimlə oxumuşam. Yəni o vaxtlar belə söhbətlər gedirdi deyə biz də ruhlanmışdıq. Nə isə mətləbdən uzaqlaşdıq... Bir tikə yemək yeyin də...

- Tofiq, bir dəqiqə səbr elə... Sən bunu dedin mənim yadıma bir şey düşdü. 80-ci illərin ortaları idi, 83-84 olardı. Moskvada Nəbi Xəzrinin yubileyi keçirilirdi, ya yaradıcılıq gecəsiydi... Heydər Əliyev də onda Siyasi Büronun üzvü idi və gəlib o tədbirdə oturmuşdu. Orda Nəbi Xəzri Cənubi Azərbaycan mövzusunda şeirlər oxudu. Mən onda bir az üşürgələndim ki, Moskvada, Siyasi Büro üzvünün iştirak etdiyi məclisdə bu mövzuda danışmaq olar? Deməli, olarmış... Və bütün bunlar təsadüf deyilmiş. Bu mənim yadımdadır...

- Olub belə şeylər, qardaşım, gizlətməli deyil bunlar. Məsələn, mən bilmirəm əfsanədir, həqiqətdir, amma o vaxt belə bir söhbət də var idi ki, 60 neçənci illərdə... Mənim yadımdadır, Heydər Əliyev birinci katib olanda, ya ondan əvvəl, yenə də Dağlıq Qarabağ söhbəti qalxıbmış. O vaxt bunu lətifə kimi danışırdılar. Ordan zəng edib DQMV-nin katibi Heydər Əliyevə, deyib ki, bunlar ayağa qalxıblar, Ermənistana birləşmək istəyirlər. Heydər Əliyev deyib lap yaxşı. Orda nə qədər əhali var? Deyiblər, məsələn, 100 min. Heydər Əliyev deyib ki, o qədər adama neçə avtobus lazımdır? O da deyib, məsələn, 600 avtobus. Deyib 600 avtobus gətirin Stepanakertin mərkəzinə, mindirin onları getsinlər Ermənistana. Bununla da söz-söhbət kəsilib...

Adil Qaçayoğlu: -Maraqlıdır...

Məhərrəmoğlu imzasına qadağa

- İnna Rudenkonun “Komsomolskaya pravda”da bir məqaləsini oxumuşdum. Ukraynadan bir qız haqqında, çox təsirli bir yazı yazmışdı. O qəhrəmanın ardınca mən Ukraynaya getdim. Ora gedəndə Abbas Abdulla mənə dedi ki, ora gedirsən, al bu adresi, qalmağa yerin olsun. O vaxt Ukraynada bizim dövrlərin bir dissidenti var idi – Marçenko. O sonralar Bakıya da gəlmişdi. İndi Abbas Abdulla deyir ki, o bura gəlibmiş ki, biz kömək edək burdan İrana keçsin, ordan da xaricə... Bu da alınmamışdı. Saxarov onun haqqında danışmışdı. Abbas mənə adres verdi, getdim orda Marçenkonun anası ilə görüşdüm. Özü tutulmuşdu. Ordan da başqa şəhərə Rudenkonun qəhrəmanının ünvanına getdim. Ən müsibəti nə? Ordan gəldim Moskvaya. Bolşoy tetarın qarşısında dayanmışam bilet almağa, bir də gördüm çiynimə bir əl toxundu, Mətinimin canıyçün, - çevrildim, gördüm bir rus. Dedi “Vı Tofik?” dedim, “da”. Dedi Ukraynada filan ünvanda olubsunuzmu – Marçenkonun ünvanını dedi. Abbas da burda mənə demir ki, ə, zalım oğlu, Marçenkonun evinə nəzarət edirlər, mən nə bilim?.. Sonra da əlavə elədi ki, “elə düşünməyin ki, biz sizi tanımırıq” deyib çıxıb getdi... Onda anladım ki, bu nə deməkdir. KQB belə işləyirdi...

Bu yaxınlarda Nazim Hikmətin gözəl bir ifadəsini oxumuşam, yazıb başımın üstünə vurmuşam: Moskvada uzun müddət yaşayandan sonra İlya Erenburqa deyib ki, “mən inanmağı yadırğadım, mən başa düşməyi öyrənirəm”. Dəhşətli bir şeydir ey...

Adil Qaçayoğlu: - Yaxşı fikirdir ey, başa düşməyi öyrənirəm...

- 8 il mən Türkiyədə beləcə yaşadım... Bəsdir ey, 20 qram içək...

- O illərin qəribə qaydaları var idi. İndiki cavanlar çox şeydən xəbərsizdir. Elə bilirlər elə yaşamaq, yazmaq-yaratmaq həmişə indiki kimi sadə olub...

- 78-ci il olardı. Xeyrulla müəllim var idi, onda Mərkəzi Komitənin təbliğat şöbəsinin müdiri idi. Onda bir rus qadın götürüb Mərkəzi Komitəyə donos yazmışdı ki, Tofiq Abdin arvadını döyür, hardansa pul qazanıb maşın alıb. Xeyrulla müəllimin yanına getdim, dedi, birillik maaşın haqqında arayış gətir. Mən də getdim radiodan bir arayış aldım, orda veriliş aparır, yaxşı pul alırdım, “Qobustan”dan arayış aldım... Sonralar Xeyrulla müəllimdən soruşdum, nə məsələ idi? Dedi, bəs filankəs səndən şikayət yazmışdı... Fikir vermə...

Çox qəribədir, o vaxt Həsənoğlu imzası var idi, Məsud Əlioğlu var idi. Amma mənim Məhəhrrəmoğlu imzama Mərkəzi Komitədə irad tuturdular. “Mirza İbraqimov, Suleyman Raqimov. Çem ploxo zvuçit? A tut Maqerramoqlu?..”

Mən kitabımı, heç olmasa, Tofiq Abdin imzası ilə buraxmaq istəyirdim. İcazə vermədilər. Kitabı Tofiq Abdinov imzası ilə buraxdılar, a kişinin oğlu!!!! Abdinov ey!!! Təsəvvür edirsən?



Adil Qaçayoğu: Tofiq, yeri gəlmişkən, o şeirin var ey, “Biz kəndə qayıdası deyilik” , o şeiri tap mənə ver də...

- Hə, tamam, taparam qardaşım...

Adil Qaçayoğlu: - Mən bir yazı yazmaq istəyirəm o barədə...

- Tamam, qardaşım, yaxşı...Yazarsan... 20 qram içək...

* * *

Hakimiyyəti ələ keçirmək cəhdi və s. barədə...

Burda lent yazısı bitir. Söhbət də bitirmi? Xatırlamıram... Tofiq Abdin o şeiri tapıb Adil Qaçayoğluna verdimi? Bunu da bilmirəm... Amma xatırlasam, bilsəm, nə dəyişəcək ki?.. Allah hər ikisinə rəhmət eləsin.

İnsan ömründən də etibarlı olan bu adi, unudulmuş lent yazısı, sadəcə, tarixi bir gerçəkliyə növbəti dəfə şahidlik edir: Azərbaycanın müstəqilliyi və bütövlüyü ideyası sovet hakimiyyətinin ən güclü vaxtında belə milli düşüncəyə hakim kəsilib... Tələbəsindən ta xüsusi xidmət orqanındakı yüksək vəzifəlisinədək bu millətin vətənsevər övladları o ideyanı yaşadıblar... Kimisi gizli mübarizə aparmaqla, kmisi də bu mübarizəyə qoşulanları cəzalanmaqdan xilas etməklə...

Tofiq Abdin bu söhbətdə xəsisliklə danışdıqlarını sonralar daha təfərrüatlı, daha geniş bir yazıya çevirəcək, hətta kitab şəklində çap etdirəcək, ulu öndər Heydər Əliyevin onun və digər azadlıq mübarizlərinin həyatındakı rolunu minnətdarlıqla xatırlayacaqdı...

Amma söhbətimizin lentə alındığı vaxtlarda mətbuatda nə “Qaranquş” təşkilatından yazan vardı, nə də onun üzvlərinin sonrakı taleyindən söz açan... Bundan bir qədər əvvəl, 2002-ci ildə mən ayrı-ayrı sənədli filmlər üçün materiallar toplamaq məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin arxivinə gedib-gələrkən Tofiq Abdingilin gizli təşkilatı ilə də maraqlanmışdım. Demişdilər, belə bir şey olub, amma həmin sənədlərin saxlandığı qovluğa baxmağa icazə verməmişdilər. Sonradan bu işə xüsusi maraq göstərdiyimi nəzərə alaraq, o hadisələr haqqında mənə əlyazma şəklində, rus dilində, imzasız, möhürsüz, sadəcə, məlumat xarakterli arayışa oxşar bir kağız vermişdilər. O kağızda yazılmışdı:

“Abdinov Tofiq Məhərrəm oğl;1941-ci ildə doğulmuşdur. 1976-cı ildə “Qobustan” almanaxının şöbə müdiri vəzifəsində çalışmışdır. Onun keçmişində siyasi cəhətdən zərərli hallar olmuşdur. Belə ki, 1966-67-ci illərdə ali məktəbdə oxuyarkən qeyri-leqal anti-sovet millətçi təşkilatın üzvü olmuşdur. Sonralar bu təşkilatın 28 nəfər üzvü ilə birlikdə Abdinov DTK orqanları tərəfindən “profilaktirovan” (bu sözü tərcümə edə bilmədim. Yəni “profilaktika edilib” –M.H.). “Qobustan” almanaxının redaktoru Rzayev Anar Rəsul oğlu olmuşdur.

T.M.Abdinov Azərbaycan SSR Dövlət Təhlükəsizliyi orqanları tərəfindən ifşa olunmuş millətçi “Qaranquş” qrupunun keçmiş üzvlərindən biridir.

...Qrup qarşısına respublikada hakimiyyəti silahlı üsyan yolu ilə ələ keçirmək və Azərbaycan SSR-ni Cənubi Azərbaycanla vahid dövlətdə birləşdirmək məqsədi qoymuşdur. Qrupun üzvləri nizamnamə və proqram hazırlamışlar.

Qrupun rəhbərləri vaxtaşırı - şənbə və bazar günləri Bakının müxtəlif rayonlarında qeyri-leqal toplantılar keçirmiş, həmçinin millətçi xarakterli böhtanlar səsləndirmişlər...

Qrup müəyyən vaxtdan sonra SSRİ-nin kapitalist ölkələrindəki səfirlikləri qarşısında SSRİ-yə düşmən elementlərin köməyi ilə Azərbaycan SSR-ə müstəqillik verilməsi tələbi ilə kütləvi nümayişlərin təşkil olunmasını planlaşdırmışdır.

1966-cı ilin aprel-may aylarında bu qrupun bütün üzvləri DTK-da profilaktik təsirə məruz qalmışlar. Onlar öz hərəkətlərindən peşman olduqlarını bildirmiş və DTK orqanlarını əmin etmişlər ki, bir daha belə hərəkətlərə yol verməyəcəklər”.


Tofiq Abdin bir daha “belə hərəkətlər”ə yol vermədi... Amma gənclik arzusuna qovuşdu: müstəqil Azərbaycanı gördü, azad yaşadı, istədiklərini yazdı və... ömrünün müdrik çağında ruhunu bir qaranquş kimi o taylı – bu taylı Azərbaycanın səmasına əmanət etdi.
Yerin behişt olsun, şair!


Teqlər:  





Xəbər lenti