Əli Həsənov Prezidentin İran səfərini şərh etdi

Əli Həsənov Prezidentin İran səfərini şərh etdi
  11 Aprel 2014    Oxunub:953
“Bu, Azərbaycan prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına artıq üçüncü rəsmi səfəridir. Azərbaycan və İranın dövlət başçıları bu ilin yanvarında Davos İqtisadi Forumu zamanı görüşərək ikitərəfli münasibətlərin müxtəlif aspektlərini müzakirə etmişdilər. Aprelin 9-da prezident İlham Əliyevin İrana rəsmi səfəri kifayət qədər yüksək səviyyədə keçdi, ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə oldu və ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına, daha da güclənməsinə xidmət edəcək”.
Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsində bildirib.

O deyib ki, Müzakirələrin ümumi ruhu onu göstərdi ki, İranla Azərbaycan arasında münasibətlərin inkişafına mənfi təsir edə biləcək ciddi amillər yoxdur. İran və Azərbaycan dost və qonşu olmaqla yanaşı, həm də müştərək tarixə malik, müştərək dini və mədəni dəyərləri bölüşən ölkələrdir. Bu ölkələrin müstəqil, öz milli maraqlarına uyğun daxili və xarici siyasəti, öz strateji seçimi, dünyada və regionda gedən proseslərə öz baxışı mövcuddur: “Dövlətlərarası ikitərəfli münasibətlərdə həm bu məsələlər, həm də ortaq və özəl maraqlar nəzərə alınır. Bununla yanaşı, biz zaman-zaman müəyyən qüvvələrin İranla Azərbaycan arasında ikitərəfli münasibətləri pozmaq, bir çox süni problemlər yaradaraq ölkələrimiz arasında etimadsızlıq mühiti formalaşdırmaq cəhdlərinin də şahidi olmuşuq. Ölkə başçılarının görüşləri zamanı bu məsələlərə də toxunuldu və ümumi rəy ondan ibarət oldu ki, belə halları vaxtında müəyyənləşdirmək və qarşısını almaq lazımdır”.

Əli Həsənovun sözlərinə görə, görüşdə o da qeyd olunub ki, bu sahədə hər iki ölkənin kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Bəzi hallarda KİV-də konkret məqsədlər güdən, qərəzli, qeyri-obyektiv informasiyalar yoxlanmadan yayımlanır və tirajlanır: “Təəssüf ki, belə hallar zaman-zaman həm İran, həm də Azərbaycan mediasında müşahidə olunur. Ona görə də ölkə başçıları qərara gəldilər ki, belə halların qarşısını almaq üçün iki dövlətin müvafiq strukturlarının təmasları artırılmalı, müxtəlif müştərək komissiyalar yaradılaraq, onların səmərəli fəaliyyəti təmin olunmalıdır. Düşünürəm ki, bu qərarlar əvvəlki illərdə müşahidə olunmuş mövcud neqativ halların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq”.

Şöbə müdiri deyib ki, səfərin gedişi, imzalanmış sazişlər, xüsusilə dövlət başçılarının görüşü və mətbuat üçün səsləndirdikləri bəyanat onu deməyə əsas verir ki, qonşu, dost və tərəfdaş dövlətlər olan İranla Azərbaycan arasındakı mövcud münasibətlər bundan sonrakı dövrdə yüksələn xətt üzrə inkişaf edəcək:
- Ölkələr arasında gələcək münasibətlərin inkişaf konturları aydındır, regionda və dünyada baş verən bir çox hadisələrə dair onların fikir birliyi mövcuddur. Prezidentlər bütün sahələr üzrə əməkdaşlığın uğurla inkişafında maraqlı olduqlarını ifadə etdilər və bunun üçün mövcud imkanları yüksək qiymətləndirdilər. Azərbaycan prezidenti İlham Əliyev İranla Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq səviyyədə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində əməkdaşlığının mövcud səviyyəsindən məmnunluğunu ifadə etdi. Hər iki dövlət başçısının nümayiş etdirdiyi mövqe onu deməyə əsas verir ki, siyasi, iqtisadi və humanitar sahələr üzrə ölkələrarası əməkdaşlığın genişləndirilməsi siyasəti gələcəkdə daha səmərəli nəticələr verəcək. İran prezidenti Həsən Ruhani də xüsusi olaraq vurğuladı ki, ölkələr arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etməsi üçün onun ölkəsində də heç bir maneə yoxdur. Danışıqların ümumi gedişatı onu deməyə əsas verir ki, mövcud səmimi münasibətlər, qarşılıqlı faydalı əməkdaşlıq hər iki xalqın xeyrinədir və gələcəkdə regionda sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.


Teqlər:





Xəbər lenti