İş yerindən arayış almaq asanlaşır

İş yerindən arayış almaq asanlaşır
  11 Aprel 2014    Oxunub:8767
Bundan sonra arayış üçün rəhbərinizə müraciət etməyəcəksiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması üzrə elektron informasiya sisteminin tətbiq edilməsi iş yerləri və ya əməkhaqları barədə arayış vermə müxanizmini asanlaşdırıb.

Bu barədə virtualaz.org saytına nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.

E.Babayev deyib ki, vətəndaşla bağlanan əmək müqaviləsi barədə bildirişdə işçi ilə işəgötürən arasında əmək münasibətlərinin bütün şərtləri ilə yanaşı, müəyyən olunan əməkhaqqı barədə məlumat da əksini tapacaq. Vətəndaş bu və ya digər təşkilat tərəfindən onun əməkhaqqı barədə məlumat istənildiyi zaman onunla bağlanmış və elektron informasiya sistemində mövcud olan əmək müqaviləsi bildirişini çap edərək həmin təşkilata təqdim edəcək. Eyni zamanda, qeyd olunan bildiriş formasını vətəndaş həmin təşkilatın e-ünvanına da göndərə biləcək.

Xatırladaq ki, elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri artıq yekunlaşıb və müvafiq sınaq işlərinin təkmilləşdirilməsi işləri aparılır. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “elektron hökumət” portalı üzərindən tətbiqinə başlanacaq.

Həmçinin nazirlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında” qərar layihəsinin hazırlanması işlini başa çatdırıb.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti