Azay Quliyev: Azərbaycanın haqq səsi eşidiləcək

Azay Quliyev: Azərbaycanın haqq səsi eşidiləcək
  13 Aprel 2014    Oxunub:1044
Azay Quliyev: Dünya birliyi Ermənistana qarşı siyasi sanksiyalar tətbiq etməlidir.

Xəbər verildiyi kimi, Litva Demokratiya İnstitutu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant proqramına uyğun maliyyələşdirilən layihə çərçivəsində Vilnüsdə “Postsovet məkanında dondurulan münaqişələr: siyasi əhəmiyyət və mümkün həll yolları” mövzusunda beynəlxalq konfrans təşkil edib.

AzVision.az xəbər verir ki, Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev AzərTAc-ın müxbirinə müsahibəsində demişdir ki, postsovet məkanında “dondurulan münaqişələrin” tənzimlənməsi metodlarının müzakirə olunduğu beynəlxalq konfransın məqsədi Litva ictimaiyyətinin və parlamentinin üzvlərinin diqqətini Dnestryanı bölgə, Abxaziya, Cənubi Osetiya münaqişələri kontekstində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etməkdir. Çünki hər üç ölkə eyni problemlə - işğal edilmiş ərazilərlə, qaçqınlarla üzləşmişdir. O vurğulamışdır: “Ümidvarıq ki, belə formatda Azərbaycanın haqq səsi eşidiləcək”.

A.Quliyev deyib: “Mən diqqəti belə bir məsələyə cəlb etdim ki, danışıqlar prosesi heç bir nəticə vermir, münaqişənin hərbi yolla nizamlanmasına isə Azərbaycan son variant kimi baxır. Üçüncü variant Ermənistanı, bəlkə də, beynəlxalq qurumların vasitəsilə sülhə məcbur etməkdir. Belə praktika İranda, İraqda müşahidə olunmuş və hazırda Ukraynada müşahidə olunur”.
Şuranın sədri demişdir ki, beynəlxalq birlik Erməınistana qarşı müəyyən siyasi sanksiyalar tətbiq edə bilər. Məsələn, Azərbaycanın Hərbi Prokurorluğu Xocalıda cinayətlər törətmiş 137 erməni barəsində cinayət işi qaldırıb. Həmin şəxslər barəsində sanksiyalar tətbiq edilməlidir. Məsələn, onların Avropa İttifaqı ölkələrinin ərazisinə getməsinə qadağa qoyulmalıdır. Bütövlükdə bunlar təbliğat maşını bütün dünyada öz gücünü itirməkdə olan Ermənistanı düşünməyə və Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqeyi qəbul etməyə məcbur edəcək.

Deputat deyib ki, konfransın yekunlarına görə vəziyyətdən çıxış yolu ilə bağlı bir sıra mühüm təkliflər hazırlanacaq.


Teqlər:  





Xəbər lenti