Uşaq gözlərindəki müharibə - Murad Köhnəqalanın yazısı

   Uşaq gözlərindəki müharibə -    Murad Köhnəqalanın yazısı
  24 Mart 2022    Oxunub:2183
Bu əhvalat nədənsə, Ukraynadan Slovakiya sərhədinə qədər gedib çıxan 11 yaşlı Həsən Piseckanı xatırlatdı mənə. Beş-altı yaşlarında bir oğlan uşağı “Tarqovı”dakı bayram izdihamında anasını itirmişdi. Əzbərində heç bir doğmasının telefon nömrəsi yox idi. Ətrafda gəzən bir neçə qadın ağlayıb tərləyən uşağın başına yığılıb, vay-şivən salırdılar. Baxışlarından qorxu və dəhşət saçan yazıq uşaq ətrafdakıların üzünə baxaraq "mama-mama" deyə zarıyırdı.
Yas yerlərində ölü ağlamağa meyilli olan arvadların davranışından qorxan uşağa elə gəlirdi, artıq dünya dağılıb, bir də anasını görməyəcək. Qadınlardan biri ikiəlli dizinə vurub “vaaay, yazzzıq uşaq!” deyə fəryad qoparır, o birisi “ağəz, bunun anası hara baxırmış, baaay, ürəyim getdi!” deyib qaraçılıq eləyirdilər. Baxdım ki, onların arasında elə ən realisti uşağın özüdür. Yazıq uşaq onların əlindən dartınıb ağız deyəni qulaq eşitməyən izdihamın içərisində anasını axtarmağa getmək istəyirdi. Ancaq onun bu cəhdləri əhatəsindəki qaragüruha toxunaraq puça çıxırdı. Adamlar onu mühasirədən qırağa buraxmaq istəmirdilər.

Nə başınızı ağrıdım, adamların istehkamını yararaq özümü itən uşağa yetirdim. Qarşısında əyilib saçlarını sığallayaraq dedim, oğlum, narahat olma, indicə ananı tapacağıq. Sonra onun kurtkasının boğazına qədər çəkilmiş zəncirbəndini aşağı salıb normal nəfəs almağına şərait yaratdım. Mənim doğma hərəkətlərimi hiss edən uşağın gözündə ümid ulduzları parladı. Dedim, narahat olma, indi polisə deyəcəyəm, mikrofonla elan verib, ananı o tərəfə, konsert olan yerə çağıracaqlar, sən də birazdan mamanı görəcəksən, hər şey yaxşı olacaq, uşaq vaxtı biz də anamızı itirirdik, anamız da bizi itirirdi, axırda da tapışırdıq, yəni qorxulu bir şey yoxdur, darıxma, indi polis əmilər tapacaq ananı.

Uşaq xeyli sakitləşdi, gözündəki təlaş da yavaş-yavaş əriməyə başladı. Sonra mən yanımdakı bir gənci uzaqda dayanan polislərin arxasınca göndərdim. Mənim bu hərəkətimdən sonra arvadlar "hə, bax, mikrofonla çağırmaq heç ağlımıza gəlmirdi" deyə qarıldaşdılar. Əyilib tez-tez uşağa ürək-dirək verirdim. O, artıq sakitləşmişdi. Polis gələn kimi uşağa əl verib görüşdü, adını soruşdu, anasının telefon nömrəsini xəbər aldı. Uşaq “bilmirəm” deyəndə polis “eybi yox, narahat olma, indi anan özü gələcək yanına” deyərək, ona ürək-dirək verdi. Sonra uşağın əlindən tutub ratsiya vasitəsilə harasa məlumat verərək danışdı.

Beş-on addım irəli yerimişdik ki, uşağın anası qarşıdakı adamların arasından peyda oldu. Sən demə, o da uşağın itməsi haqda polisə xəbər vermək istəyirmiş. Elə buna görə də uzaqdan gördüyü polisə tərəf gəlirmiş. Anası uşağı polisin yanında görən kimi sevinib özünü onun üstünə atdı. Polisə minnətdarlıq eləməyi belə unudaraq öz günahını yumaq üçün uşağı danlamağa girişdi: "Səni qara yerə soxum, dedim axı, qaqaşın əlindən möhkəm yapış!"

Ananın həyəcanqarışıq aqressiyasını yumşaltmaq üçün ona yaxınlaşıb dedim, xanım, uşağı danlamayın, olan şeydir, əksinə, siz ona ürək-dirək verin, qoyun, özünə gəlsin, onsuz da keçirdiyi həyəcan özünə bəsdir. Bu sözlərdən sonra qadın sanki sakitləşdi və uşağının əlindən tutaraq uzaqlaşdı.

Bu arada xüsusilə, gənc valideynlərə tövsiyə edirəm ki, izdihamlı yerlərə çıxarkən, hər ehtimala qarşı telefon nömrənizi yazıb uşağın cibinə qoyun.

Yazının əvvəlinə qayıdıram. Hazırkı Ukrayna müharibəsi dönəmində bütün dünya KİV-lərinin haqqında yazdığı , Slovakiya sərhədini təkbaşına keçən 11 yaşlı qaçqın uşağın atası Suriya ərəbidir. Suriyada müharibə başlayanda balaca Həsən və anası Yuliya çox çətinliklə ölkədən qaçaraq Ukraynanın Zaporojye şəhərinə - Yuliyanın anasıgilə sığınıblar. Rusiya ordusunun Ukraynaya hücumu Həsənin taleyinə ikinci qaçqınlıq həyatı gətirib. Belə ki, evlərinin yaxınlığındakı Atom Elektrik Stansiyasının (AES) partladılması təhlükəsi ilə üzləşən 11 yaşlı Həsən ölkədən qaçmaq məcburiyyətində qalan sakinlərə qoşulub Slovakiya sərhədinə qədər 1200 km yolu təkbaşına qət edib. Həsənin anası Yuliya isə əlil anasını kimsəsiz buraxıb gedə bilmədiyindən Zaporojyedə qalmalı olub.

Çiynində çantası, qoltuğunda oyuncaq ayısı ilə vətənini, doğmalarını, anasını tərk edib ağlaya-ağlaya başqa bir ölkənin sərhədini keçən balaca oğlanın videogörüntüləri hər kəsi qəhərləndirmişdi. Yaxşı ki, Həsən Slovakiyaya gedəndən bir neçə gün sonra anası və nənəsi də onun yanına getməyə imkan tapdı, biri-birindən ayrı düşən doğmalar qovuşdu.

“Tarqovı”da, doğma şəhərində qısa müddətə anasından ayrı düşən uşağın gözlərindəki təlaşı, həyəcanı görəndə Ukraynada evləri dağılmış, valideynləri həlak olmuş, yetim, didərgin cocuqları düşündüm. Onların kədərlə dolu, ağrılı suallar yağan məsum baxışlarını təsəvvür etdim. O gözlərə baxmaq nə qədər əzablıdır!

Uşaqlar – müharibənin ən faciəvi qurbanlarıdır. Valideynini, həyatını, sağlamlığını itirən hər bir uşaq məhv olmuş bir gələcək deməkdi. Qısası, nəyin uğrunda aparılmasından asılı olmayaraq uşaqların göz yaşına səbəb olan istənilən müharibə haqsızdır!

Murad Köhnəqala
AzVision.az üçün



Teqlər: Müharibə  





Xəbər lenti