Malayziyada Azərbaycan sərgisi- Fotolar

Malayziyada Azərbaycan sərgisi- Fotolar
  14 Aprel 2014    Oxunub:1336
Aprelin 14-də Malayziyanın paytaxtı Kuala Lumpurda bu ölkənin Müdafiə Nazirliyinin təşkilatçılığı ilə 14-cü “Defence Services Asia – DSA 2014” adlı dördgünlük beynəlxalq sərgi və konfrans işə başlayıb.

Azərbaycanın Malayziyadakı səfirliyindən AzərTAc-a bildiriblər ki, beynəlxalq sərgidə respublikamızın Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Sərgidə ölkəmizin müdafiə sənayesinin 132 növdə məhsulları nümayiş olunur. Azərbaycan pavilyonunda milli müdafiə sənayemizin istehsalı olan müxtəlif növ xırda və iri çaplı avtomat silahlar, tapançalar, pilotsuz uçuş aparatları, müdafiə məhsulları sərgilənir. Pavilyonda yerləşdirilmiş ekranda ölkəmizin hərbi sənayesi və ordumuzun qüdrəti haqqında video-çarx yayımlanır.

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılığı ilə Malayziyada səfərdə olan Azərbaycan nümayəndə heyəti sərgidə məhsulların nümayişi ilə yanaşı, bu ilin sentyabrında Bakıda keçiriləcək “ADEX 2014” beynəlxalq müdafiə sərgisinin təqdimatını həyata keçirir.

Səfər çərçivəsində nazir Y.Camalovun Malayziyanın müdafiə naziri, habelə bir sıra yerli və xarici müdafiə məhsulları istehsal edən şirkətlərin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Müdafiə sənayesi məhsullarının sərgiləndiyi, dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərindən olan və 1988-ci ildən keçirilən “DSA 2014”də 55 ölkənin mindən çox dövlət qurumu və istehsalçı şirkəti iştirak edir.

Sərgidə ABŞ, Rusiya, Pakistan, Hindistan, Fransa, Türkiyə, Böyük Britaniya, Cənubi Afrika və s. dövlətlər öz məhsullarını nümayiş etdirir.

Qalereya




Teqlər:





Xəbər lenti