Prezident yolda pul yığanlardan danışdı

Prezident yolda pul yığanlardan danışdı
  15 Aprel 2014    Oxunub:1161
“Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcək. Metro tikintisi sürətlə gedir. Bildiyiniz kimi, biz metro stansiyalarının sayını 70-ə çatdırmaq əzmindəyik. Buna nail olacağıq”
AzVision.az xəbər verir ki, bu sözləri aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlət başçısı qeyd edib ki, bütün işlər qrafik üzrə gedir:

“Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcək. Bakıda yeraltı parkinqlər tikilib. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir”.

Daha sonra nitqinə davam edən prezident küçələrdə əlində çubuq parkinqlə məşğul olan şəsxlərdən danışıb. O, bildirib ki, dünyanın heç bir yerində bunu görmək mümkün deyil:

“ Bakı gözəl, müasir, inkişafda olan şəhərdir. Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyildir. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.


Teqlər:



Xəbər lenti