15 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb - NAZİR

15 təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb - NAZİR
  15 Aprel 2014    Oxunub:975
“Ciddi nöqsanlara yol verən 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb”.
AzVision.az xəbər verir ki, bu sözləri aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri həyata keçirilib:

“Təhsil sisteminin sürətli transformasiyasına nail olmaq barədə göstərişinizin icrasının təmin edilməsi üçün idarəetmənin təkmilləşdirilməsi istiqamətində Təhsil Nazirliyinin Aparatında struktur dəyişiklikləri edilib. Təhsil sistemindəki mənfi hallarla mübarizənin gücləndirilməsi məqsədilə daxili nəzarət şöbəsi yaradılıb və daxil olan siqnalların birbaşa həmin şöbədə araşdırılması təmin edilib. Ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb. İki hal üzrə toplanan materiallar araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına göndərilib. Nəticədə aparılan statistika göstərib ki, korrupsiya faktları ilə bağlı nazirliyə daxil olan müraciətlərin sayı bir neçə dəfə azalıb.

Bundan çıxış edərək bildirirəm ki, təhsil məsələlərində baş verən mənfi hallara qarşı Sizin tapşırığınıza əsasən Təhsil Nazirliyinin mövqeyi gələcəkdə də barışmaz olacaq, təhsil sistemində mövcud mənfi hallarla mübarizədə ardıcıl yanaşma tətbiq ediləcək”


Teqlər:  





Xəbər lenti