"Göyçayın yarıya qədəri nurçudur"

"Göyçayın yarıya qədəri nurçudur"
  16 Aprel 2014    Oxunub:1017
"Göyçayda gənclərə pul verib nurçuluğa cəlb edirlər. Əhalinin yarıya qədəri bu təriqətə qulluq edir. Türklərin rayonda bir-iki zavodu var. Orada işə düzəlmək üçün insanlar asanlıqla nurçu olurlar".
AzVision.az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Göyçaydan olan hüquq müdafiəçisi Vidadi isgəndərli bildirib.

Daxili İşlər Nazirliyi aprelin 11-də Göyçayda “nurçu” dini təriqətinin ardıcıllarına qarşı əməliyyat keçirib. Təriqət üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.

V.İskəndərli qeyd etdi ki, yerli sakinlər Türkiyə vətəndaşlarına məxsus zavodlarda, ancaq aşağı vəzifələrə götürülürlər: "Rəhbər vəzifələrdə Türkiyə nurçularıdır. Məgər, Göyçayda kadr yoxdur ki, orada çalışsın? Rayonda nurçuların asfalt zavodu var. Demək olar ki, bütün işçilər Türkiyədən gətirilib. Göyçay çayını Qəbələyə qədər pis hala salıblar. Çaydakı daş-qumu daşıyıb aparırlar. Fövqəladə Hallar Nazirliyi onları cərimələyib. Bir neçə karxana bağlanıb".

V.İskəndərli əlavə etdi ki, o, hazırda Göyçaydadır və nurçulara məxsus olduğu bildirilən zavodun fəaliyyətilə maraqlanır: "Aidiyyəti qurumlara müraciət edəcəm ki, onun fəaliyyətini araşdırsınlar".


Teqlər:





Xəbər lenti