Prezident və xanımı Milli Gimnastika Arenasında - FOTOLAR

  16 Aprel 2014    Oxunub : 430
Prezident və xanımı Milli Gimnastika Arenasında - FOTOLAR
Aprelin 16-da Bakıda Milli Gimnastika Arenasının açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Azərbaycan 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırlaşır. İdman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Milli Gimnastika Arenasının tikintisi də beynəlxalq əhəmiyyətli bu idman yarışının yüksək səviyyədə təşkili üçün geniş imkanlar açır.

Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Kompleksin fasadı xüsusi formada işlənib. Burada maraqlı illüminasiya elementləri təqdim edən ekranlar quraşdırılıb. Əsasən gimnastika yarışları üçün nəzərdə tutulan arenanın əhəmiyyətini artıran mühüm amillərdən biri də buranın digər idman tədbirlərinin və yarışlarının da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.

Gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən 10 minə qədər artırmaq mümkündür. Dünya standartlarına uyğun inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir.

Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olacaq bu idman qurğusunda otel də yaradılıb. Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb olunması, milli idman kadrlarının hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva zalda yaradılan şəraitlə tanış olublar və gimnastların məşq prosesinə baxıblar.

Milli Gimnastika Arenasında bu ilin iyununda bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Aprelin 19-da isə bədii gimnastika üzrə 21-ci Azərbaycan çempionatı təşkil olunacaq.
Bundan əlavə, 2015-ci ildə baş tutacaq birinci Avropa Oyunları çərçivəsində gimnastikanın 6 növü üzrə yarışların, 2019-cu ildə isə bədii gimnastika üzrə 2020-ci il Olimpiadasına lisenziya xarakterli dünya çempionatının burada keçirilməsi planlaşdırılır.

Foto


Teqlər: