Nazirlik 1500 əlili müalicəyə göndərib

Nazirlik 1500 əlili müalicəyə göndərib
  17 Aprel 2014    Oxunub:890
ƏƏSMN: “1500 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə
xidməti göstərilib”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki bərpa-müalicə müəssisələrində cari ilin birinci rübü ərzində 1500 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə xidməti göstərilib. Onlardan 283 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bərpa-müalicə xidməti ilə təmin olunanların 158 nəfərini Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, habelə hərbi xidmət zamanı əlil olanlar təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi, o cümlədən Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Hazırda nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzində və Respublika Əlillərin Bərpa Mərkəzində əsaslı təmir işləri aparılır. Yaxın vaxtlarda nazirliyin Sumqayıt, Yevlax, Naftalan şəhərlərindəki Əlillərin Regional Bərpa Mərkəzlərində, Bakı şəhər Uşaq Bərpa Mərkəzində, Mərdəkan Müalicə Pansionatında da əsaslı təmir işlərinə başlanacaq. Təmir işlərindən sonra qeyd olunan bərpa-müalicə müəssisələrinin müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunması, bu müəssisələrdə tibbi bərpa ilə yanaşı, sosial reabilitasiya yönümlü xidmətlərin göstərilməsi üçün də şəraitin yaradılması nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti