Zakir Həsənov hərbi şəhərciklərə baş çəkdi

Zakir Həsənov hərbi şəhərciklərə baş çəkdi
  17 Aprel 2014    Oxunub:1029
2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası yekunlaşıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təlimlərdə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400 ədəd zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr iştirak edib.

Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimdə iştirak edən qüvvələrin döyüş və səhra bacarıqlarını yüksək qiymətləndirib və təlimin nəticələrindən razı qaldığını bildirib.

Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin yerləşdiyi hərbi şəhərciklərə baş çəkərkən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən hərbi qulluqçular və onların ailə üzvləri üçün yaradılmış sosial-məişət şəraitinin yüksək səviyyədə olmasını xüsusi qeyd edib.

Təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev müşahidə edib.


Teqlər:  





Xəbər lenti