İlham Əliyev xristianları təbrik etdi

İlham Əliyev xristianları təbrik etdi
  17 Aprel 2014    Oxunub:985
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

AzVision.az xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:

“Hörmətli həmvətənlər! Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, insanlar arasında humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və zəngin multikultural ənənələrin formalaşmasında müstəsna rol oynayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.

Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənib, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilib. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər.

Əziz dostlar! Hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir. Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”


Teqlər:  





Xəbər lenti