Prezident və ailəsi Su İdmanı Sarayında - FOTOLAR

Prezident və ailəsi Su İdmanı Sarayında - FOTOLAR
  18 Aprel 2014    Oxunub:3704
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Bakıda tikilən Su İdmanı Sarayında inşaat işlərinin gedişi ilə tanış olublar.

Gənclər və idman naziri Azad Rəhimov Su İdmanı Sarayında layihə əsasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Su İdmanı Sarayı üçün 6 hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 66 min kvadratmetr olan saray Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə tam cavab verir. Sarayda üç üzgüçülük hovuzu olacaq.

Uzunluğu 50, eni 25 metr olacaq hovuz yarışlar üçün nəzərdə tutulub. İkinci hovuzda isə məşqlər keçiriləcək. Hündürlükdən suyatullanma hovuzunun uzunluğu 25, eni 20 metrdir. Bundan başqa, sarayda fitnes zalları, restoran, konfrans zalı, ofislər, digər işçi və köməkçi otaqlar fəaliyyət göstərəcək.

Su İdmanı Sarayının ərazisində köməkçi bina və qurğular, 500 yerlik yerüstü avtomobil yerüstü dayanacağı yaradılacaq. Sarayda keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcəkdir. Burada idmançıların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait olacaqdır. Tikinti işlərini xarici və yerli şirkətlər icra edir.

Dövlətimizin başçısına və xanımına Avropa Oyunları Parkının layihəsi əsasında aparılacaq inşaat işləri barədə də məlumat verilib.18 hektar ərazidə inşa ediləcək Avropa Oyunları Parkı üç idman qurğusundan - su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları qurğularından ibarət olacaq. Bu qurğular arasında ikimərtəbəli funksional keçidin inşası da nəzərdə tutulur.

Burada dörd hissədən ibarət funksional sahələrin yaradılması üçün də xüsusi ərazi ayrılmışdır. Avropa Oyunları Parkında iclas və konfrans zallarının, kafe və funksional otaqların inşası da nəzərdə tutulur. Parkda, həmçinin mətbuat və yayım üçün çəkiliş qurğuları sahəsi, avtomobil dayanacağı və digər xidmət sahələri də yaradılacaq.

Qalereya




Teqlər:





Xəbər lenti