Fazil Məmmədovun müavinləri: Onları siz də tanıyın!

Fazil Məmmədovun müavinləri: Onları siz də tanıyın!
  18 Aprel 2014    Oxunub:20365
Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraqını cəlb edir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri... Əksəriyyət onların adını belə bilmir.

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı rubrikanı davam etdirir. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılacaq.

Bu dəfə vergilər naziri Fazil Məmmədovun müavinlərindən bəhs edəcəyik. 2000-ci ildən nazir postunda qərarlaşan F.Məmmədovun cəmi 4 müavini var.



Nazirin I müavini ara-sıra jurnalistlərin tədbirlərdə rastlaşdığı Əmirov Natiq Ərziman oğludur. O, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

N.Əmirov 1967-ci ildə Dəvəçi rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib.

1990-1991-ci ildə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində Vətəndaşların Vergiyə Cəlb Edilməsi Şöbəsində böyük dövlət vergi müfəttişi işləyib.

Daha sonra 1993–1994-cü ildə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) Vergiyə Cəlb Edilməsi və sair Gəlirlər Şöbəsində çalışıb.
Natiq Əmirovun fəaliyyəti bununla bitmir. O, rəngarəng kariyeraya sahib məmurlardandır.

Belə ki, N.Əmirov daha sonra Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyi, Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət Şöbəsinin rəisi, 1997-2000-ci ildə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini işləyib.

O, 2000-2001-ci ildə Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini olub. 2001-2003-cü ildə isə Vergilər Nazirliyi iri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentin rəis müavini, daha sonra Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi çalışıb.

N.Əmirov 2005-ci ilin avqustun 16-da prezidentin sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyinat alıb.

Ailəlidir. 3 övladı var.

Prokurorluqdan Vergilər Nazirliyinə...



Fazil Məmmədovun digər müavini Əliyev Namiq Tofiq oğludur. O da 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra N.Əliyev 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984-1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçib və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnib.

Nazir müavini 1991-2004-cü illər Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışıb.

N.Əliyev ölkə başçısının sərəncamı ilə 2004-cü ildən vergilər nazirinin müavini təyin edilib.

Ailəlidir. 2 övladı var.

Prezidentin vəzifə verdiyi müfəttiş



Vergilər nazirinin 3-cü müavini Məmmədxanov Sahir Polad oğludur. 1959-cü ildə İsmayıllı rayonunda anadan olan N.Əliyev 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

O, 1985-ci ildə Rusiya Federasiyasının Tver şəhərinin Kalinin adına Dövlət Universitetinin İqtisadiyyat fakültəsi bitirib.

1985-1993-cü illərdə Tver şəhərinin “Elektroaparatura” zavodunda iqtisadçı, maliyyə-müqavilə şöbəsinin rəisi və Hərbi Sənaye Nazirliyinin “Kalininmaşdetal” istehsalat birliyində baş mühasib vəzifəsində çalışıb.
Özünəməxsus iş fəaliyyətinə məxsus nazir müavini 1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu ilə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

S.Məmmədxanov 1999-cu ildə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

O daha sonra 2001-ci ildən 2009-cu ilədək Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi vəzifəsində işləyib.

Prezidentin sərəncamı ilə 2009-cu ildən vergilər nazirinin müavini postunda yer alır.

Ailəlidir. 2 övladı var.

Keçmiş icra başçısı, eks deputat…



Ələkbərov Sahib Nurəddin oğlu. Fazil Məmmədovun sonuncu müavinidir. Digər həmkarları kimi o da 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.

S.Ələkbərov 1952-ci ildə Səfərəliyev (indiki Samux) rayonunda anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.

Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.

2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışıb.

S.Ələkbərov 2010-cu il iyul ayının 2-də Prezident İlham Əliyevin sərəncamı ilə Vergilər nazirinin müavini təyin edilib.

Ailəlidir, üç övladı var.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti