Əhəd Abıyev qəzəbləndi: “Məni qısqanırlar” - ÖZƏL

Əhəd Abıyev qəzəbləndi: “Məni qısqanırlar” - ÖZƏL
  19 Aprel 2014    Oxunub:1218
“Mən başımı aşağı salıb işlərimi görürəm”

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev yeni vəzifəyə gətiriləcəyi haqda yerli mətbuatda yayılan xəbərlərə sərt reaksiya verib.

Ə.Abıyev AzVision.az-a eksklüziv açıqlamasında Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı ilə bağlı dərc olunan xəbərin yalan olduğunu bildirib.

“Bu barədə məndə heç bir məlumat yoxdur. Onu yazan qələt edir. Düşmənçilik mövqeyində dayanıb belə yazılar yazdırırlar. Mən başımı aşağı salıb rayon səviyyəsində tapşırılan işlərimi görürəm. Hər şey əladır. Heç bir problem yoxdur. Maraqlana bilərsiz, Daşkəsən yeganə rayondur ki, buradan yuxarı instansiyalara bir dənə də olsa şikayət getməyib”.

Ə.Abıyev hesab edir ki, haqında yazılan xəbərlər qısqanclıqdan irəli gəlir.

“İndi də bəziləri falabaxanlıq edirlər. İlham Mirzeyəv necə fala baxırdı? İndi gedib oturub içəridə. Belə yazıların dərc olunmağının səbəbi qısqanclıqdır. Çünki mən irimiqyaslı işlərə başlamışam istəyirlər ki, insanları çaşdırsınlar ki, başçı buradan gedəcək”.

Qeyd edək ki, publika.az saytının yazdığına görə, yaxın vaxtlarda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunması gözlənilir.

Xatırladaq ki, Milli Məclisin sabiq deputatı olan Əhəd Abıyev Prezident İlham Əliyevin 23 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti