İnternetin keyfiyyəti biabırçıdır” - EKSPERT

İnternetin keyfiyyəti biabırçıdır” - EKSPERT
  19 Aprel 2014    Oxunub:1245
Ötən gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda mobil operatorların danışıq tariflərinin yüksək olduğunu bildirib.
O, qeyd edib ki, əgər mobil operatorlar danışıq tariflərini aşağı salmasa, onlar məcbur ediləcək.

Nazirin bu açıqlamasına Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz münasibət bildirib. Onun sözlərinə görə, hazırda yeganə yol Əli Abbasovun dedikləridir.

“Nazir Əli Abbasov mobil operatorların danışıq tariflərini aşağı salması üçün inzibati tədbirlərə əl atacağını bildirib. Təbii ki, müstəqil tənzimləyici qurum olmadıqda yeganə yol məhz bundan ibarətdir. Baxmayaraq ki, Bakcell dərhal cavab verib ki, bu belə deyil və onların qiymətləri sərfəlidir. Əslində cənab Nazir real vəziyyəti deyib. Bu sahədəki vəziyyət həqiqətən normal deyil.
Bizdəki mobil danışıq və mobil İnternet tarifləri həm regionda və həm də dünyada ən yüksək və şişirdilmiş tariflərdir.”

Osman Gündüz bildirib ki, ölkədə mobil internet və onun keyfiyyəti lap biabırçılıqdır:

“Uzağa getmək lazım deyil, elə RYT Nazirliyin yaxınlığında Mobil İnternetdən istifadə edərək bunu görmək olar. Təklif edərdim ki, Nazirliyin Tənzimləyici şöbəsinin əməkdaşları öz otaqlarından Mobil İnternetə daxil olub baxsınlar ki necə tənzimləyirlər.

Ekspert qeyd edib ki, qonşu ölkələrlə, lap elə Türkiyə ilə müqayisədə bizdəki mobil danışıq tarifləri az qala 3 dəfə yüksəkdir:

“Baxmayaraq ki, son dövrlərdə həqiqətən də Operatorlar tərəfindən endirimlər edilib amma yenə də qonşu ölkələrə müqayisədə qiymətlər bahadır. Avropada roumuinqin ümumiyyətlə ləğv edilməsi gündəmdə olduğu bir vaxtda MDB məkanında ən bahalı rouminq bizdədir. Əksəriyyət insanlar xaricə gedəndə məcburdur ki ya telefonu söndürsün və ya effektiv – səmərəli istifadə etməsin”.

Osman Gündüzün sözlərinə görə, reallıq budur ki, həm danışıq tarifləri, həm mobil İnternet və həm də rouminq tarifləri kifayət qədər yüksəkdir və real xərcləri əks etdirmir:

“Amma eyni zamanda diqqətə çatdırmalıyam ki bu cür mühitin yaranmasında elə RYTN-nin də günahı az deyil.
Adicə nömrə daşınması məsələsini elə vəziyyətə gətirdilər ki, sonda bu siyasət iflasa uğradı. Gözləntilər özünü doğrultmadı. Nömrə daşınma rəqabət mühitinin inkişafına hər hansı müsbət təsir etmədi. Abonent uğrunda hər hansı mübarizə filan müşahidə olunmadı. Yalnız korporativ müştərilər uğrunda hansısa gəlişmələr müşahidə olunur.

Səbəb isə əslində 2008-ci ildən gündəmdə olan bir məsələnin - nömrə daşınmasının süni surətdə ləngidilərək 7 il uzadılmasında idi.

Artıq bütün istifadəçilərin cibində hər üç mobil operatoru nömrəsi olandan sonra təbii ki nömrə daşınması heç bir dəyişiklik yaratmayacaqdı”-deyə, Osman Gündüz əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti