Rus sülhməramlıları gəldikləri kimi gedəcəklərmi? – Xarici ekspertlərin fikirləri

   Rus sülhməramlıları gəldikləri kimi gedəcəklərmi? –    Xarici ekspertlərin fikirləri
  15 İyul 2022    Oxunub:7176
Vaxt tamam olanda Rusiya sülhməramlı kontingentini Qarabağdan çıxaracaqmı, yoxsa “cığallıq” etməyə çalışacaq? Sual təsadüfən yaranmayıb. Son vaxtlar erməni tərəfdə tez-tez Rusiya kontingentinin Qarabağda “daimi” qalması haqda çağırışlar səsləndirilir. Əlbəttə ki, bunlar spekulyasiyadan başqa bir şey deyil, amma hər halda, region ölkələrinin, eləcə də Rusiyanın özünün ekspertlərinin mövzu ilə bağlı fikirləri maraqlıdır. Fikirlər isə haçalanır.
“Rusiyanın Qarabağ ərazisindəki hərbi mövcudluğu bir məqsədə xidmət edir: Cənubi Qafqaz dövlətlərini öz təsiri altında saxlamasına. “Sülhməramlı” deyilən qüvvələr regionda qətiyyən sülhü qorumur və Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlı deyillər. Onlar 44 günlük müharibə nəticəsində yaranmış vəziyyəti qoruyub saxlayırlar”. Bunu AzVision.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun baş elmi işçisi Nikolay Zamikula deyib.


Onun sözlərinə göğrə, “sülhməramlıların” vəzifəsi bu gün Kremlin postsovet məkanında təsir dairəsini bərpa etməkdən ibarətdir. İrəvanla Bakı arasında qarşıdurmanın davam etməsi Rusiyaya sərf edir. Çünki bu ona münaqişə tərəflərinə təsir etmək üçün əlavə imkanlar yaradır.

“Münaqişənin davam etməsindən Rusiya öz qoşunlarının Azərbaycan ərazisində qalma müddətini uzatmaq üçün istifadə edəcək. İrəvan üçün onlar yerli erməni əhalisinin “təhlükəsizliyin təminatçısı” rolunu oynayacaqlar. Kreml onların mövcudluğundan eyni zamanda Azərbaycan-Rusiya dialoqu çərçivəsində istifadə edəcək. Nəzərə almaq lazımdır ki, hazırda Rusiya kontingenti hərbi faktor deyil. Odur ki, onun sayı, eləcə də mümkün rotasiyalar və ixtisarlar real əhəmiyyət kəsb etmir. Qarabağdakı ruslar sadəcə “bayraq nümayiş etdirirlər”. Onların orada olması güc deyil, Rusiya Federasiyasının maraq dairəsini ifadə edən diplomatik vasitə, müəyyən mənada imperiya siyasətinin davamıdır”,- Zamikula bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukrayna istiqamətində uğursuzluqlar üzündən zəifləməsi onun digər regionlarda da potensialını sarsıdır. Bu isə Cənubi Qafqaz dövlətlərinə Moskvanın dağıdıcı təsirindən qurtumağa və vəziyyətdən öz xeyrinə istifadə etməyə imkan verir.


Ekspertin fikrincə, vəziyyətdən çıxış yolu beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və mülki şəxslərə təhlükəsizlik təminatlarının verilməsidir. İrəvanla Bakı arasında razılığın əldə olunması rus qoşunlarının Qarabağda qalma səbəbini aradan qaldıracaq. Moskva bölgədəki mövcudluğunu davam etdirməkdə ciddi bir şeyə nail ola bilməyəcək: “Rusiya bu məsələdə hər hansı irəliləyişə nəzarət etmək üçün sülh prosesini “özəlləşdirməyə” çalışır. Lakin indi alternativ formatda - Aİ-nin təqdim etdiyi platformada danışıqlar üçün əla imkan yaranıb. Əgər Ermənistan və Azərbaycan yaxın vaxtlarda razılığa gələ bilsələr, bu nəinki regiona sülh gətirəcək və hər iki dövlətə fayda verəcək, həm də Rusiyanın Cənubi Qafqazda mövqeyini xeyli zəiflədəcək. Region üçün yeni üfüqlər və perspektivlər açılacaq”.

Qazaxıstanlı politoloq, Xalq Təsərrüfatı Universitetinin beynəlxalq əlaqələr və idarəetmə kafedrasının professoru Saken Mukan da düşünür ki, Rusiya qoşunları qalma müddəti bitdikdən sonra Qarabağı tərk etməyəcəklər. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin avtomatik uzadılmasının arqumentləri belədir: “Birincisi, Ermənistan tərəfi Gümrüdə Rusiya hərbi bazasının olmasına baxmayaraq, Ermənistanın təhlükəsizliyi və ərazi bütövlüyünün təhdid altında olacağı bəhanəsilə Rusiya qoşunlarının çıxarılmasına hər cür mane olacaq. Çünki hərbi bazanın mandatı və funksiyası texniki göstəricilərinə görə Qarabağda yerləşən qoşunlardan fərqlənir.


İkincisi, Rusiya tərəfi özü də “sülhməramlı” rolunu oynamaqda maraqlıdır. Moskva Cənubi Qafqazı öz təsir zonası hesab etdiyinə görə, onun üçün strateji əhəmiyyət kəsb edən regionda qalmağa çalışır. O, ərazinin işğaldan azad edilməsi və üçtərəfli sazişin imzalanması ilə nəticələnən prosesdə özünün rolunu daim Bakıya xatırlatmağa çalışacaq”.

Qazaxıstanlı politoloq düşünür ki, Rusiya Federasiyasının xarici siyasətində Ukrayna faktoru, onun beynəlxalq aləmdə hazırkı və gələcək imici qoşunların mandat müddəti bitdikdən sonra Qarabağdan çıxarılmasına təsir göstərməyəcək. Çünki Rusiya Federasiyasının hərbi-texniki potensialı kifayət qədər genişdir. Gələcəkdə Bakının inandırıcı və əsaslandırılmış müraciəti olarsa, kontingenti və silahları azaltmaqdan danışmaq olar.

Rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsində ekspert, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekiş də bu fikirdədir ki, rus qoşunları Qarabağı tərk etməyəcəklər: “Hətta tərəflər razılığa gəlsələr də, Rusiyanın orada qalması üçün səbəb tapılacaq. Düzdür, mübahisəli olacaq və ciddi fəallıqla müşayiət ediləcək. Məsələn, “müxalif şəxslərin və qrupların qanunsuz və terror fəaliyyətinin qarşısını almaq ”, “Qarabağ ərazisində yaşayan bir çox insanların əlində olan silahlardan qeyri-qanuni istifadənin qarşısı almaq” şəklində”.


Real səbəb isə, ekspertin fikrincə, daha prozaikdir və Rusiyanın, onun mövcud rəhbərliyinin mental ideyasının ruhuna tamamilə uyğundur: “Vaxtilə imperiyanın tərkibində olan hər yerdə, eyni zamanda Rusiyanın qonşu dövlətlərə təsiri baxımından vacib ola biləcək hər şeydə "qoruyacağıq, qayıdacağıq, imkan verməyəcəyik" strategiyası davam etdiriləcək ki, “söz sahibinin” kim olduğunu həm Qərb, həm Türkiyə, həm də Çin bilsinlər”.

Bu halda Azərbaycan nə etməlidir?

Tanınmış amerikalı analitik, ABŞ dövlət katibinin keçmiş xüsusi müşaviri Pol Qobl AzVision.az -a açıqlamasında bildirib ki, Rusiyanın Qarabağa heç bir halda “sülhməramlı əməliyyatlar” adı altında adam göndərməsinə icazə verilməməliydi: “Mən həqiqətən ümid edirəm ki, qalma müddəti bitdikdən sonra Rusiya sülhməramlıları Qarabağdan çıxarılacaq, Bakı onların getməsində və ya Türkiyə sülhməramlılarının Rusiya kontingentinə qoşulmasında israr edəcək”.

Ekspertin fikrincə, Moskva Qarabağı tərk etmək istəməsə, rəsmi Bakı Rusiya qoşunlarının 5 illik səlahiyyət müddəti başa çatan kimi onları sıxışdırıb çıxarmaq üçün Qərbdə dəstək axtarmalıdır.

Amma rusiyalı politoloq, Avrasiya üzrə ekspert Aleksandr Razuvayevin fikrincə, buna ehtiyac qalmayacaq. O, AzVision.az-a müsahibəsində bildirib ki, Qarabağı regiondakı digər münaqişələrlə müqayisə etmək düzgün deyil: “Dnestryanı köhnə münaqişədir. Bu bölgənin taleyi sual altındadır. Cənubi Osetiya tezliklə Rusiyanın tərkibinə daxil olacaq. Osetinlər hələ də parçalanmış xalqdır, odur ki, buna Kreml qərar verəcək. Qarabağ isə Azərbaycandır, Rusiyaya dost ölkədir, Bakıda böyük rus icması var. Rusiya sülhməramlılarını elan olunmuş müddətdən artıq saxlanmasına səbəb görmürəm”.

Seymur Məmmədov
Samir Vəliyev
Nadir Quliyev


Teqlər: Sülhməramlılar   Qarabağ  





Xəbər lenti