Səfir Dağlıq Qarabağın həlli yolundan danışdı

Səfir Dağlıq Qarabağın həlli yolundan danışdı
  01 May 2014    Oxunub:978
Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsini həl etməyin vacibliyini göstərdi.
AzVision.az ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Birləşmiş Ştatların ölkəmizdəki səfiri Riçard Morninqstar Vaşinqtonda "ABŞ-Azərbaycan: gələcəyə baxış" Forumunda çıxışı zamanı deyib.
O, qeyd edib ki, ABŞ və Azərbaycan arasında münasibətlər çox mühümdür və bu münasibətlər yaxşı səviyyədədir, lakin problemlərdən xali deyil.

Səfir bildirib ki, Ukraynadakı hadisələr qarşılıqlı münasibətlərin vacibliyini nümayiş etdirdi. Onun sözlərinə görə, Azərbaycan və ABŞ dövlətlər arasında münasibətlərin gücləndirilməsi üzərində çalışmalıdırlar: "Ukraynadakı vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini göstərdi. Bu münaqişə regionda qeyri-sabitlik yaradır və heç kəsə üstünlük vermir. Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli məqsədilə konkret addımların atılması üçün birgə işləməlidirlər".

R.Morninqstar vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq etmədən bunu etmək olduqca çətin olacaq.

Səfir qeyd edib: "Biz, həmçinin azərbaycanlılar və ermənilər arasında "xalq diplomatiyası" (Track II) layihəsi üzrə təmasları dəstəkləyirik. Bu, hər iki xalqı və dövləti sülhə hazırlayır".
O, tanınmış jurnalist Rauf Mirqədirovun həbsi, Leyla Yunus və onun həyat yoldaşının istintaqa cəlb olunması ilə bağlı narahatlığını bildirib.

R.Morninqstarın fikrincə, Azərbaycan hökumətinin bu fəaliyyəti azərbaycanlılar və ermənilər arasında istənilən təmasa mənfi təsir edə bilər.


Teqlər:





Xəbər lenti