Turizm İnstitutu yeyintiyə aydınlıq gətirdi

Turizm İnstitutu yeyintiyə aydınlıq gətirdi
  01 May 2014    Oxunub:1118
Azərbaycan Turizm İnstitutu Hesablama Palatasının institutda apardığı audit yoxlamaları nəticəsində aşkar edilmiş yeyinti faktları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
AzVision.az xəbər verir ki, institutdan verilən məlumata görə, heç bir əsas olmadan xırda inzibati nöqsanların mənimsəmə faktları kimi təqdim edilməsi cəhdlərinin son vaxtlar sistemli xarakter alması institut kollektivini və bu yazılanların həqiqəti əks etdirmədiyini bilən insanları həddən artıq məyus edib.

Hesablama Palatası tərəfindən dövlət ali təhsil müəssisəsi olan Azərbaycan Turizm İnstitutunda plana uyğun şəkildə 25 fevral - 29 mart 2013-cü il tarixlərində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi həyata keçirilib: "Audit nəticəsində institutda bəzi xırda qüsurlar istisna olmaqla heç bir maliyyə pozuntusu və ya mənimsəmə faktı müəyyən edilməyib və bu, Hesablama Palatasının 28 mart 2013-cü il tarixli "Audit yoxlamasının yekun aktı"nda təsbit edilib. 2013-cü il üzrə Hesablama Palatası tərəfindən dövlət orqanları və müəssisələrində aparılmış auditlə bağlı Milli Məclisə hesabat verildikdən sonra bəzi KİV nümayəndələri hesabatdakı məlumatları təhrif edərək, institutda mənimsəmə hallarının olması ilə bağlı əsassız yazılar yazmağa başlayıblar".

Qeyd olunur ki, əslində isə audit zamanı müəyyən edilən qüsurlar yerindəcə həll edilib və institutda ilk dəfə keçirilmiş bu auditin nəticələri gənc ali təhsil müəssisəsi olan Azərbaycan Turizm İnstitutunda maliyyə intizamının və mal-material uçotunun daha da təkmilləşdirilməsi işinə xidmət edib: "Bu qüsurların institutun dövlət pulunu mənimsəməsi kimi qələmə verilməsi ölkədə şəffaf, müasir beynəlxalq tələblərə uyğun ali təhsil müəssisəsinin qurulması prosesinə və bu prosesdə Azərbaycan Turizm İnstitutunun kollektivinin və bizə yardımçı olan onlarla yerli və xarici tərəfdaşımızın gördüyü işlərə kölgə salmaq cəhdidir. Öz fəaliyyətində qanunun aliliyini, şəffaflığı başlıca prinsiplər kimi rəhbər tutan Azərbaycan Turizm İnstitutunun kollektivi dövlətin və cəmiyyətin yüksək etimadını doğrultmaq, təhsil və turizm sahələri üzrə müəyyən edilmiş dövlət strategiyalarının icrası istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da bütün qüvvəsini səfərbər edəcək". (Anspress)


Teqlər:  





Xəbər lenti