Nazir iki direktoru işdən qovdu

Nazir iki direktoru işdən qovdu
  01 May 2014    Oxunub:1441
“Təhsil Nazirliyinə daxil olan şikayət və müraciətlər araşdırıldıqdan sonra bir neçə məktəb direktoru vəzifəsindən azad edilib.”
AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, Təhsil Nazirliyinə Siyəzən Rayon Təhsil Şöbəsi, Tərtər rayon Evoğlu kənd tam orta məktəbi və Laçın rayon Ağgöl kənd ümumi orta məktəbinin fəaliyyətindəki nöqsanlarla bağlı daxil olmuş məlumatlar operativ araşdırılıb.

Nazirlik rəsmisi bildirib ki, arşdırma nəticəsində məlum olub ki, Siyəzən rayon təhsil şöbəsinin müdiri Rəfail Hacıyevin zəif nəzarəti nəticəsində tabeliyində çalışan işçilər vəzifə funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə tam şəkildə riayət etməyib və fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilməyiblər. Bütün bunları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən Siyəzən rayon təhsil şöbəsinin müdiri Rəfail Hacıyevə, böyük məsləhətçi Vahid Məmmədova və metodist Şəhla Əliyevaya töhmət verilib.

Tərtər rayon Evoğlu kənd tam orta məktəbinin direktor müavini Y.Məhərrəmovun şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Aparılmış araşdırma zamanı məlum olub ki, məktəbin direktoru Natiq Kazımov fəaliyyətində ciddi nöqsanlara yol verib. Belə ki, IX-XI sinif şagirdlərinin dərsə davamiyyəti olduqca aşağı olsa da, bu barədə jurnallarda heç bir qeydiyyat aparılmayıb. İşçilərə əsassız əmək haqqı hesablandığına və digər bu kimi nöqsanlara görə məktəbin direktoru Natiq Kazımov tutduğu vəzifədən azad edilib.

Laçın rayon Ağgöl kənd ümumi orta məktəbində aparılan araşdırmaların nəticələrinə əsasən müəyyənləşdirilib ki, müəllimlərin dərs planları düzgün tərtib edilməyib, sinif jurnallarında və şəxsi işlərdə ciddi səhvlərə yol verilib, əmək intizamına düzgün riayət olunmayıb. İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru Hidayət İbrahimov tutduğu vəzifədən azad edilib.

Nazirlik rəsmisi onu da əlavə edib ki, rayonlarda şagirdlərin məktəbə davamiyyətində şikayətlərlə bağlı araşdırma aparılır, işçi qrupu yaradılıb və digər rayonlarda bu problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanacaq.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti