Araz Əzimov: `Uorlik separatçılığa dəstək verir`

Araz Əzimov: `Uorlik separatçılığa dəstək verir`
  01 May 2014    Oxunub:913
`Bizə məlumdur ki, amerikalı həmsədr Ceyms Uorlikin ABŞ-ın erməni diasporunun nümayəndələri ilə sıx əlaqələrə malikdir. Sosial şəbəkələrdəki qeydlərə hətta gözucu baxmaq kifayətdir ki, amerikalı həmsədrin ABŞ-dakı erməni diasporu ilə təmaslara daha çox üstünlük verdiyini görəsən. Bununla yanaşı, Uorlik nəyə görəsə erməni kütləvi informasiya vasitələrinə müsahibələrinin istinadlarını həvəslə bölüşür, Azərbaycan jurnalistləri ilə təmasları barədə isə susur`.

Bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov APA-ya açıqlamasında deyib. Əzimov bildirib ki, Uorlikin bəyanatlarında, çıxışlarında və analitik mərkəzlərin təmsilçiləri ilə görüşlərində birtərəfli yanaşma hiss olunur və münaqişənin tarixi, aparılan danışıqların mahiyyəti təhrif edilir:

- Cənab Uorlik vasitəçilərin fəaliyyəti üçün dəqiq çərçivələr və mandat müəyyən edən və eyni zamanda həll prosesinin təməlində dayanan beynəlxalq hüququn norma və prinsiplərini özü bildiyi kimi şərh edir. Bəzi mülahizələri isə ümumiyyətlə, provokasiya xarakterlidir. Amerikalı həmsədrin Ermənistanla Azərbaycan arasında münaqişənin alovlana biləcəyi haqda hansısa şayiələri tirajlamasını başqa cür qiymətləndirmək mümkün deyil. Onun Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Ukrayna hadisələrindən necə dərs götürməyin nəzərdən keçirilməsi barədə təklifi isə ən adi tənqidə dözümsüzdür. Bütün bunlar amerikalı həmsədrin mövqeyi və məqsədləri haqda müəyyən nəticələr çıxarmağımıza əsas verir.

Əzimov deyb ki, Uorlikin həmsədrlərin öz neytrallığını saxlamasının vacibliyinə dair açıqlamalarına baxmayaraq, onun özünün fəaliyyəti bunun əksini göstərir: “Cənab Uorlikin Ermənistanın danışıqlarda tutduğu qeyri-konstruktiv mövqeyə haqq qazandırmağa yönəlmiş çıxışlarının sifarişli xarakteri ortadadır. Mətbuatın məlumatına əsasən bu gün amerikalı həmsədr Kaliforniyada erməni diasporu tərəfindən təşkil olunan “İrəliyə doğru yol və Dağlıq Qarabağ Respublikası üçün öz müqəddəratını təyinetmə” adlı tədbirdə çıxış etməlidir. Bu cür tədbirdə iştirakın özü vasitəçi üçün yolverilməzdir. Amerikalı həmsədrin erməni tərəfinin maraqlarının müdafiəsinə doğru aydın şəkildə yönəlməsini nəzərə alaraq onun növbəti mesajlarının nə olacağını təxmin etmək çətin olmaz. Bu addımlı başqa nə cür qiymətləndirmək olar?

Biz dəfələrlə Minsk Qrupunun fəaliyyətindən və amerikalı həmsədrin açıqlamalarından narazılığımızı bildirmişik. Biz cənab Uorlikin Minsk Qrupuna etimadı azaldan, həmsədrlərin mandatına zidd olan və ümumilikdə danışıqlar prosesinin gedişinə zərər vuran bu addımlarına göz yuma bilmərik. Cənab Uorlikin bütün bu çıxışları göstərir ki, o, erməni tərəfinin maraqlarını təmin olunması və separatçılıq ideyalarını təbliğinə yönəlmiş addımları şüurlu şəkildə, qəsdən atmaqdadır. Amerikalı həmsədr beynəlxalq hüquq normaları və prinsipləri ilə manipulyasiya edir, halbuki istənilən vasitəçinin, xüsusən də onun mandatını müəyyən edən BMT TŞ-nin qətnamələrinin əsasında fəaliyyət göstərən vasitəçinin fəaliyyətinin əsasında ümumi prinsiplərinə qeyd-şərtsiz riayət etmək dayanır.

Bütün yuxarıda qeyd olunanlar Amerikanın Minsk Qrupundakı təmsilçisinə etimadsızlıq göstərmək, onunla çalışmaqdan imtina etmək və cənab Uorlikin həmsədrlikdən geri çağırılması məqsədilə ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət etmək üçün Azərbaycan tərəfinə hər cür əsas verir. Cənab Uorlik Azərbaycan tərəfinə başqa seçim imkanı qoymayıb. Bizə isə özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ölkəni təmsil edən həmsədrin gerçək məqsədləri barədə düşünmək qalır. O, ABŞ-ın rəsmi mövqeyinə əks olaraq öz addımları ilə separatçılığa və təcavüzə dəstək verir, Minsk Qrupunda böhranın başlanmasına və durumun gərginləşməsinə gətirib çıxarır. Bu isə hazırda mürəkkəb olan beynəlxalq şərtlər altında xüsusən kritik görünür”.


Teqlər:  





Xəbər lenti