Kommunistlər 1 may günü tibbi sığortadan danışdı- FOTO

Kommunistlər 1 may günü tibbi sığortadan danışdı- FOTO
  02 May 2014    Oxunub:2102
Kommunistlər Bakıda aksiya keçirdi. “Sayımız az olsa da, Azərbaycana səs salırıq ki, zəhmətkeşlərin bayramını qeyd edən bir partiya var” .

AzVision.az xəbər verir ki, mayın 1-də Azərbaycan Kommunist Partiyası (AKP) Beynəlxalq Zəhmətkeşlər Bayramı ilə bağlı Mikayıl Əliyev küçəsindəki Fəhlə heykəli önündə aksiya keçiriblər. Aksiya polislərin nəzarəti altında baş tutub və insidentsiz başa çatıb.

Aksiya iştirakçıları əllərində “Bütün dünya proletarları birləşin!”, “Yolumuz işçi sinfinin yoludur”, “Yaşasın sosializm, rədd olsun faşizm və kapitalizm!” kimi şüarlar yazılmış plakatlar tutublar. Aksiyanın sonunda bəyanat qəbul edilib.

AKP-nın Mərkəzi Komitəsinin 1-ci katibi Telman Nurullayev aksiyanın keçirilməsi səbəblərindən danışıb: “Bildiyimiz kimi bu gün zəhmətkeşlərin bayramıdır. Bizdə bununla bağlı icazəli mitinq keçirdik. 1889-cu ildən başlayaraq bütün dünya zəhmətkeşləri bu günü bayram kimi qeyd edirlər. Sovet dövründə bu gün qeyri-iş günü sayılırdı. İndi istər kapitalist, istərsə də sosialist ölkələrində bu gün təmtəraqla qeyd olunur. Təkcə Azərbaycan bu günü qeyd etmir. Xalq Cəbhəsi hakimiyyətə gələndə həm 1 mayı, həm də 9 mayı ləğv etdi. Təəssüflər olsun ki, sonrakı rəhbərlik 9 mayı bayram günü kimi qaytarsa da, bu günü qaytarmadı. Biz kommunistlər olaraq sona qədər bu günü zəhmətkeşlər günü kimi qeyd edəcəyik. Düşünürəm ki, zəhmətkeşlərə hörmət naminə hər kəs qeyd etməlidir. Sayımız az olsa da, Azərbaycana səs salırıq ki, zəhmətkeşlərin bayramını qeyd edən bir partiya var”.

T.Nurullayev bəyanatda qəbul etdiklərini bildirib: “Aksiyada Azərbaycanda əhalinin tibbi sığorta olunmaması ilə bağlı bəyanat qəbul etdik. Düşünürük ki, olduqca vacib məsələdir. Bütün xalq tibbi sığortadan keçməlidir. Prezidentin də bu barədə sərəncamı var. Qəbul etdiyimiz bəyanatı müvafiq orqanlara göndərəcəyik”.

Lənkəran Kommunist Partiyasının 1-ci katibi Rza Cəfərov bu gün kimi 9 mayda da Lənkəranda böyük bayram qeyd edəcəklərini bildirib.

***

Bu arada 1 may zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü Gürcüstanda da yürüşlə qeyd olunub.

ANS TV-nin məlumatına görə, paytaxt Tiflisə leysan xarakterli yağışın yağmasına baxmayaraq, 200-ə yaxın gənc mərkəzi prospektlərdə yürüş ediblər.

Yürüşdə əsasən tələbələr iştirak edib.

2 saata yaxın davam edən yürüşdə müxtəlif şüarlar səsləndirilib.

Xatırladaq ki, 1 May Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Həmin ildən etibarən dünya kommunistləri bu günü bayram günü kimi qeyd edirlər.

Qalereya




Teqlər:  





Xəbər lenti