Avropa Şurası Bakı ofisinin yeni rəhbəri nazirlikdə

Avropa Şurası Bakı ofisinin yeni rəhbəri nazirlikdə
  02 May 2014    Oxunub:1102
“Avropa Şurası ilə hüquqi əməkdaşlıq yüksək səviyyədədir”.
Mayın 1-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurasının (AŞ) Bakı ofisinin yeni rəhbəri xanım Draqana Filipoviç ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az –a bildiriblər ki, ölkəmizin Avropa Şurası ilə səmərəli əməkdaşlığını vurğulayan nazir D.Filipoviçə yeni vəzifədə uğurlar arzulayaraq qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu məhkəmə-hüquq islahatlarını, o cümlədən hakimlərin Avropada ən şəffaf seçimini və tədrisini, həyata keçirilən tədbirlərdə Avropa Şurasının fəal dəstəyini qeyd edib. Həmçinin penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, nazirlik tərəfindən yeni şəffaf təcrübələrin, o cümlədən səmərəli ictimai nəzarət mexanizminin tətbiqi, onun fəaliyyətində ictimaiyyətin yaxından iştirakı barədə məlumat verilib, ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparıldığı bildirilib.

Avropa Şurasının Azərbaycanda təmsil olunmasını regionda ən vacib və əhəmiyyətli hal kimi dəyərləndirən səfir ölkəmizdə fəaliyyətə başlamasından məmnunluğunu ifadə etmişdir.
Xanım D.Filipoviç Avropa Şurasının və onun strukturları, o cümlədən Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Komissiya (CEPEJ), İşgəncələrin qarşısının alınması üzrə Komitə (CPT) və s. ilə Azərbaycan arasında sıx işgüzar əlaqələrin olduğunu bildirmiş, ölkəmizin AŞ Nazirlər Komitəsində qarşıdan gələn sədrliyi çərçivəsində keçirilən birgə tədbirlərin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb.

Qonaq respublikamızda müxtəlif istiqamətlərdə, o cümlədən korrupsiya ilə mübarizə sahəsində uğurlu addımlar atıldığını qeyd etmiş, Avropa Şurasının Bakı ofisinin açıq və konstruktiv əməkdaşlıqda maraqlı olduğunu söyləyərək qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.

Söhbət zamanı Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının əhəmiyyəti qeyd olunaraq onun hazırlanmasında Ədliyyə Nazirliyinin fəal dəstəyi təqdir edilmiş, planın AŞ baş katibinin ölkəmizə səfəri zamanı keçiriləcək birgə təqdimatı ətrafında fikir mübadiləsi aparılmış, bu mühüm sənədin demokratiyanın daha da inkişafına, insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyi vurğulanmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Qonaq nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olub.


Teqlər:





Xəbər lenti