Azay Quliyev: “Belə olmaz, axı...”

Azay Quliyev: “Belə olmaz, axı...”
  02 May 2014    Oxunub:1129
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Azay Quliyev “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin parlamentin işi ilə bağlı dərc etdiyi hesabata münasibət bildirib.
"Leyla Yunus və bu şəbəkənin bütün üzvlərinin ifşası ilə məşğul olmalıyıq. Neçə illərdir ki, Leyla Yunusun Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərdiyini bəyan edirəm. Onun bütün fəaliyyəti hər zaman ölkəmizin müstəqilliyi əleyhinə yönəlib. O, bu məsələdə tək deyil. Bu geniş şəbəkədir".

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili, QHT-lərin Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Deputat qeyd edib ki, L. Yunusun fəaliyyəti başdanayağa Azərbaycan dövlətinin əleyhinə yönəlib və xüsusilə “fəaliyyət” xalq diplomatiyası altında aparılır: “Çox təəssüflər olsun ki, xalq diplomatiyası adı altında çirkin oyunlar aparılır. Bir qrup insanlar az qala bu məsələni inhisara alıblar. Özünüz də görürsünüz ki, həmin adamlardan biri olan Leyla Yunus Azərbaycan dilini necə təhqir edir. Bu dildən ancaq söyüş söyəndə istifadə edir. Bu gün bəzi səfirlər də bunun ətrafında sıx birləşib. Biz bütün QHT-lərə imkan yaratmışıq. Ancaq bu o demək deyil ki, bundan sui-istifadə edib dövlətçiliyimizin əleyhinə getməlidirlər”.

Eyni zamanda Azay Quliyev “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin parlamentin işi ilə bağlı dərc etdiyi hesabata münasibət bildirib.

Deputat bildirib ki, sözügedən hesabatla Azərbaycan parlamentini gözdən salmağa çalışırlar.

“Bəlli oldu ki, Rəna Səfərəliyevanın təşkilatı Leyla Yunusa gələn pulları yumaqla məşğul imiş. “Xalq diplomatiyası” adı altında Azərbaycanın əleyhinə fəaliyyət həyata keçirilir. Bu gün Leyla Yunusu “xalq diplomatı” ediblər. Bəzi səfirlər onun ətrafında birləşib, 1 saat ərzində ona 5 illik viza verirlər. Belə olmaz, axı...”

Spiker Oqtay Əsədov isə deputata “Sizin ağıllı çıxışınıza qulaq asdım”- deyə reaksiya verib.

“Siz həm də QHT-lərə Dövlət Dəstəyi Şurasının sədrisiniz. QHT-lərə layihələr üçün qrantlar ayırırsınız. Əgər layihələr varsa, onlar axıra çatmalıdır. Mən demirəm ki, bu bir nəzarət kimi olmalıdır. Amma hər halda bu məsələyə diqqət yetirmək lazımdır. Çünki vicdanlı, vicdansız QHT-lər də var. Mən təəssüf etdim ki, Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatı araşdırma təşkilatı olduğunu iddia etsə də, əslində o, bəzi təşkilatylar kimi qarışdırma ilə məşğuldur. Onlar öz hesabatlarında küçə yazılarını götürüb dərc edirlər. Bəzən bunu günahı bizim özümüzdə olur. Çünki onların dediklərinə reaksiya vermirik. Parlamentə qarşı haqsız iradlar bildirirlər. Milli Məclisi çox pis vəziyyətdə göstərirlər”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti