Deputat Sərdar Cəlaloğlunu lağa qoydu

Deputat Sərdar Cəlaloğlunu lağa qoydu
  02 May 2014    Oxunub:915
“Sərdar Cəlaloğlu açıqlamasında mənə “dostum” deyə müraciət edib. Ona görə də onun haqqa sərt ifadələr işlətməkdən çəkinirəm. O da dost saydığı insan barədə fikir bildirəndə daha təmkinli olardı, düşünülməmiş ifadələr işlətməzdi”.
AzVision.az-ın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun fikirlərinə münasibət bildirərkən belə deyib.

Q.Həsənquliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi və Rusiyanın bu münaqişədə oynadığı rolla bağlı S.Cəlaloğlundan fərqli düşünür:

“Mən həmişə demişəm ki, Azərbaycan torpaqlarını Rusiya işğal edib. Ona görə də Ermənistanla danışıqlar aparmağın mənası yoxdur. Danışıqlar Rusiya ilə aparılmalıdır. Əgər münaqişədə nəyisə və hansısa güzəştə gedəcəyiksə, bunu Ermənistana deyil, Rusiyaya etmək lazımdır. Çünki Ermənistana nə qədər güzəştə getsək də, xeyri olmayacaq, Rusiya münaqişənin həllinə imkan verməyəcək. Biz yaxşı xatırlayırıq ki, rəhmətlik Heydər Əliyev 1999-cu ildə Ermənistan Kominist Partiyasının keçmiş birinci katibi Dəmirçiyanla gizli danışıqlar aparırdı, hətta münaqişənin həlli ilə bağlı gizli razılıq da əldə olunmuşdu. Rusiya kəşfiyyatı bundan xəbər tutdu və gedib Ermənistan parlamentini güllələyib çıxdılar. Ona görə də Rusiyanın maraqları təmin olunmayacağı halda münaqişənin həllinə imkan verməyəcək”.

Partiya sədri hesab edir ki, Ermənistan və Dağlıq Qarabağ münaqişəsi məsələsində Qərb heç vaxt Azərbaycana dəstək verməyəcək. Deputat bildirib ki, onun bu cür düşünməsi və bu qənaətə gələməsi səbəbsiz deyil:

“Sərdar Cəlaloğlu son illərdə Biləcəridən o yana keçməyib. Amma mən 9 ildir həm NATO Parlament Assambleyasında, həm də Avronestdə Azərbaycanı təmsil edirəm. Qərb diplomatlarının bu məsələyə münasibətini bilirəm. Ermənistan Krımın işğalına haqq qazandırdı, BMT-də səs verdi. Bu hadisədən sonra ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrinin bəyanatlarına, açıqlalarına fikir verin. Yenə də Ermənistanı, ermənilər müdafiə edirlər. Çünki burada erməni diasporu faktoru var. Dağlıq Qarabağ münaqişəsi məsələsinə görə bizi heç zaman NATO-ya qəbul etməyəcəklər. Azərbaycanın ora üzv olmaq imkanı yoxdur. Belə bir vəziyyətdə Qarabağ məsələsində Qərbin dəstəyini ala bilmiriksə, onda nə etməliyik? “

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti