50 şəhidi nəyin uğrunda vermişik – Ədalət Verdiyevin yazısı
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizə qarşı hərbi təhlükələrin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü. Nəticədə düşmən ciddi itkilərə məruz qaldı.
Şərti sərhəddə baş verən düşmən təxribatlarının qarşısını alan zaman Azərbaycan Ordusunun 42, Dövlət Sərhəd Xidmətinin isə 8 nəfər hərbi qulluqçusu şəhid oldu. Şəhid xəbərləri təbii ki, hər birimizi dərindən məyus edir, amma bizim yerləşdiyimiz coğrafiya və mövcud hərbi-siyasi vəziyyət Ermənistan silahlılarının ardı-arası kəsilməyən təxribatlarının qarşısının dinc yolla alınmasına imkan vermir. Sülh yolu ilə ermənilərin ölkəmizə qarşı ərazi iddialarının qarşısını almaq mümkün deyil.
Azərbaycan Ordusu Vətən Müharibəsində Ermənistanı məğlub etdi. Lakin erməni təxribatları bitmirsə, biz cavab vermək məcburiyyətində qalırıq. Son olay da ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirilən təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha nümayiş etdirdi.
Son zamanlar Ermənistanın ciddi-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara hazırlaşması sirr deyildi və bunu Paşinyan parlamentdəki çıxışında “Hamı bilirdi ki, müharibə olacaq” bəyanatı ilə təsdiqlədi. Həm Qarabağda, həm də sərhəddə artan təxribatlara Azərbaycan Ordusu məhz Ermənəstanın ərazisində cəmi 7 saat davam edən unikal əməliyyatla cavab verməklə düşmənin bütün planlarını alt-üst etdi.
Bu döyüşlərdə Azərbaycan Ordusu və DSX-nın 50 nəfər şəhid verməsi geniş müzakirələrə səbəb oldu. Təbii ki, 1 nəfər şəhidin olması belə, bizim üçün çoxdur. Amma itkisiz döyüş və əks-hücum resepti hələ mövcud deyil. Bilən varsa yazsın, maariflənək.
Həyatında düşmənə güllə atmayan, əsgərlik görməyən və ordu ilə heç bir əlaqəsi olmayan birinin həmin 50 şəhidimizn sayəsində əldə olunan nailiyyətləri görməzliyə vurması və “itkilərin çox olması ilə bağlı strateji araşdırmalar” dərc etməsi təəssüf doğurur. Əgər bəzilərinin Qəhrəman Ordumuzun cəmi 7 saat ərzində əldə etdiyi nailiyyətlərdən xəbəri yoxdursa, o zaman bunları bir daha sadalamaq məcburiyyətindəyəm:
• Ermənistan Silahlı Qüvvələrinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində atəş açdığı bütün hərbi təyinatlı obyektlər və dayaq məntəqələri darmadağın edilib. Azərbaycan ərazilərinin təhlükəsizliyinə təhdid yaradan bu obyektləri bərpa etmək üçün Ermənistana küllü miqdarda vəsait və ən azı 4-5 il zaman lazımdır.
• Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürüb. İrəvan-Qafan yolu Ordumuzun nəzarəti altındadır. Ermənistan Azərbaycana qarşı nə indi, nə də gələcəkdə heç bir real təhlükə yarada bilməyəcək.
• Ermənistanın xeyli sayda hərbi texnikası, iki “S-300” kompleksinin atıcı qurğusu, radiolokasiya stansiyası, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu hərbi obyekti və onlarla döyüş məntəqəsi məhv edilib. Ermənistanda yüzlərlə yaralı var. İtkinlər, səngərlərdə ölüb qalanlar və əsir düşənlər barədə İrəvan hələ susmaqda davam edir. İstənilən halda Ermənistanın bütün parametrlərə görə itkiləri Azərbaycandan bir neçə dəfə çoxdur.
“İtkilərin çox olması ilə bağlı strateji araşdırmalar” dərc edən vətəndaşlarımıza bir neçə sualım var:
• Son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində törətdiyi təxribatların qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Azərbaycan Ordusu nə etməli idi?
• Ermənistanın Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsinin qarşısını itkisiz şəkildə necə ala bilərdik?
• İlk atəşi düşmən qəfil və bir neçə istiqamətdən açırsa, o zaman şəxsi heyəti itkidən kim və neçə tam həcmdə sığortalaya bilər?
• Tarixi torpaqlarımızda yerləşən və bizə qarşı atəş açılan düşmən mövqelərinin silahlılardan təmizlənməsinin və orada Azərbaycan Əsgərinin yerləşdirilməsinin itkisiz resepti mövcuddurmu?
2 il əvvələ qədər “Düşmən Ağdamın Çıraqlı kəndi istiqamətində yerləşən Ordumuzun mövqelərini atəşə tutub” açıqlamasını eşidirdiksə, indi “Azərbaycan Ordusu düşmənin Qafan, Zod və İstisuda (Cermukda) yerləşən hərbi hissələrini darmadağın edib” xəbərini alırıq. Fərqi doğrudanmı, hiss etmirik? Doğrudanmı bu gün bəzilərimiz son 100 ildə ilk dəfə Göycə gölünə, Basarkeçərə, Qarakilsəyə, Qafana və digər tarixi torpaqlarımıza bu qədər yaxın olduğumuzu və bunun məhz şəhidlərimizn sayəsində mümkün olduğunu anlamaq istəmirlər? Sadaladıqlarımın hamısının birlikdə demirəm, heç olmasa hər hansı birinin itkisiz necə mümkün ola biləcəyinə dair kiminsə təklifi varsa, lütfən yazsın.
Şəhidlərimiz təkcə öz ailəsinə, nəslinə aid deyil, onlar artıq 50 milyonluq xalqımızın övladlarıdır. Azərbaycanımızın mövcud olduğu müddətdə şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Bizim üçün hər bir şəhid Vətən və Qələbə rəmzidir, əsl qəhrəmanlardır. Məhz bu qəhrəman şəhidlərimizin sayəsində biz bu gün bir gözümüzdə yaş, bir gözümüzdə sevinc düşmənin canlı qüvvəsinin və milyard dollarlıq silah sistemlərinin zərərsizləşdirilməsinin qürurunu yaşayırıq.
İstənilən döyüş canlı qüvvə, hərbi infrastruktur və texniki vasitələrin itkiləri ilə müşaiyət olunur. Düzənlik ərazidə hücuma keçən tərəfin itkiləri müdafiə olunandan adətən 3 dəfə çox olur. Dağlıq ərazilərdə bu itki 5 dəfəyə qədər arta bilər. Son iki cümlənin hər bir hərfi döyüş meydanın həlak olan əsgərlərin qanı ilə yazılıb.
Son döyüşlərdə şəhid olan qəhrəmanlarımızın sayına gəldikdə isə biz 1-ci Qarabağ müharibəsi zamanı daha çox itkilər verirdik və əraziləri də itirirdik. 1992-ci ildə təkcə Fərrux dağında gündə yüzlərlə gənc əsgərimizin şəhid olmasını və ərazinin də sonda düşmənin əlinə keçməsini xatırlayıram. Yaxud, 1992-ci ilin 7 oktyabrında Laçın dəhlizində 45 nəfərlik bölüyün 15 nəfərini şəhid, yaralı və itkin olaraq itirdim, şəxsi heyəti qorumaq məqsədilə yuxarı komandanlığın israrlı əmrlərindən sonra strateji dəhlizi düşmənə təslim etdim. Odur ki, döyüşdə və ya müharibədə kimsə, xüsusilə də düşmən üzərinə hərəkət edən bölmə itkidən sığortalana bilməz. Bu məsələyə itkilərin əldə olunan nailiyyətlərə adekvat olması baxımından yanaşılmasını daha doğru hesab edirəm.
Başqa bir fakt. Azərbaycan Vətən Müharibəsində orta hesabla hər gün döyüşlərdə 67 nəfər itki verməklə, 110 kv.km ərazi əldə edib. Amma bu göstəricilər müharibənin ilk günü üçün keçərli deyil. Müharibənin ilk günündə itkilərimiz 3-4 dəfə artıq, azad etdiyimiz ərazi isə 3 dəfəyə qədər az idi və bu, müharibə qanunlarına zidd deyildi. Çünki düşmənin 1-ci eşalonunun yarılması daha çox itkilərlə və ləng hücum tempilə fərqlənir.
Son döyüşlərdə isə 50 şəhidimizin sayəsində 100 kv.km-dən çox ərazi, həm də tarixi torpaqlarımızda yerləşən və çətin relyefə malik bir coğrafiya azad edilib. Bunun düşmənin 2 il ərzində möhkəmləndirdiyi 1-ci eşalonun yarılması ilə həyata keçirildiyini unutmalı deyilik. Dünya hərb tarixində bir yüksəklik və ya əlverişli mövqe uğrunda dəfələrlə çox itkiyə baxmayaraq, nəticənin əldə olunmamasına dair nümunələr kifayət qədərdir.
Odur ki, hər birimiz Azərbaycanımız, Şəhidlərimiz və bənzər həssas mövzularda fikir bildirəndə daha diqqətli olmalıyıq. Heç kimin şəhid yaxınlarını üzməyə və qəhrəmanlarımızın əldə etdiyi Qələbənin miqyasını kiçiltməyə haqqı yoxdur! Onların hər biri başımızın tacıdır, onların sayəsində biz qalib xalqa çevrilmişik və bu gün tarixi torpaqlarımızda düşməni ağır itkilərə məruz qoymuşuq. Bunu heç birimiz unutmalı deyilik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az üçün
Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.4: İctimai və dövlət maraqlarının müdafiəsi