Gülər Əhmədova yenə şikayət etdi

Gülər Əhmədova yenə şikayət etdi
  05 May 2014    Oxunub:1060
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
APA-nın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədovanın vəkili Əfsər Talıbov bildirib ki, məhkəmənin ilkin baxış iclasının qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub. Hakimlər isə qeyd ediblər ki, kassasiya şikayətinin icraata qəbul edilib-edilməməsi ilə bağlı Ali Məhkəməyə sorğu göndərilib və sorğunun cavabını gözləyirlər.

Bununla bağlı prosesdə yarım saatlıq fasilə elan olunub.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmənin ilkin baxış iclasında prosesin qismən istintaqla keçirilməsi, şahidlərin hamısının dindirilməsi barədə qərar qəbul edilib. Müdafiə tərəfi şahidlərin hamısının dindirilmədiyini, ilkin baxış iclasının qərarına əməl olunmadığını iddia edərək etiraz əlaməti olaraq kassasiya şikayəti verib.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.


Teqlər:  





Xəbər lenti