4 güclü qadın - Azərbaycanın xanım rektorları
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qadın rektor təyin olunana qədər ölkədə cəmi 3 qadın universitet rəhbəri var idi.
Onlar Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Qərb Universitetinin rektoru Zemfira Məmmədovadır.
Prezidentin məlum sərəncamından sonra isə qadın rektorların sayı 4-ə çatdı.
Qadın rektorlarımızı tanıyaq:
Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunu bitirib.
2005-ci il martın 28-dən Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunub. O həm də Milli Məclisin deputatıdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru millət vəkili Gülçöhrə Məmmədovadır. O, bu vəzifəyə 2000-ci ildə təyin edilib.
Gülçöhrə Məmmədova 24 aprel 1953-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub və 1976-cı ildə yeni yaranan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib.
1999-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib. O həm də millət vəkilidir.
Özəl universitetlər arasında yeganə qadın rektor Qərb Universitetindədir. Qərb Universiteti 1991-ci ildə təsis olunub və təsisatçısı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovdur. O 2000-ci ilə Ticarət Naziri vəzifəsində işləyən zaman universitet rəhbərliyini bacısı Zemfira Məmmədovaya təhvil verib.
2011-2012-ci ildə isə rəsmi olaraq Z.Məmmədova universitetin rektoru təyin edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edikın Fərəh Əliyeva Azərbaycanın tanınmış jurnalisti, professor Şirmməməd Hüseynovun qızıdır. O ötən gün universitet kollektivinə təqdim edilib.
Fərəh Şirməmməd qızı Əliyeva 1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə şöbəsini bitirib. Həmin ildən musiqi tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurasının «Musiqişünaslıq və incəsənət» bölməsinin üzvü və elmi katibidir.
Sevinc İltifatqızı
AzVision.az