Milli Şuranın get-gəlləri - REPLİKA

Milli Şuranın get-gəlləri  - REPLİKA
  05 May 2014    Oxunub:1137
Milli Şuraya “həsənsoxdu dəyirmanı” deyiləndə müxalifətin dünyanın 8-ci möcuzəsinə imza atacağına, yəni hakimiyyətə gələcəyinə inananlar buna etiraz edirdilər. Hələ seçkiöncəsi şura çətiri altında “biz hakimiyyətə gəlirik” deyərək başlarından böyük danışanların mayın 3-də keçirdiyi görüş də sözün əsl mənasında “həsənsoxdu dəyirmanı”nı xatırladırdı.

Çoxdandı Milli Şura toplanmırdı. Saysız hesabsız istefalardan sonra elə bil görüşməyə də adam tapmırdılar. Gah yerimiz yoxdur deyirdilər, gah da vaxtımız. Sanki bunların boş-boş danışmaqdan, ona-buna iftira atmaqdan başqa işləri var imiş kimi, günü-günə satırdılar.

Nədənsə, mayın 3-də “şeytanın qıçı”nı qıran şura camaatı KXCP-nin ofisində toplandı. Narazılar aidiyyat üzrə nə ölkədə baş verən ictimai-siyasi prosesləri müzakirə etdilər, nə gündəmə toxundular, nə də gələcək planlarından danışdıları. Əksinə, bu görüşdə də heç nə dəyişmədi: köhnə hamam, köhnə tas...

Ömürlük bu prinsipə sadiq qalan müxaliflər bu dəfə də özlərini gülünc vəziyyətə saldılar. Belə ki, cəbhəçilərin Milli Şuradakı özbaşnalığına etiraz edən klassiklər dilə gələrək Əli Kərimli ilə bir masa arxasında oturmaq istəmədiklərini bəyan etdilər. Yəni, klassik Mirmahmud Mirəlioğlu və komandası Milli Şuradan istefa verdiklərini bildirdilər. Bəli, düz eşitdiniz “bildirdilər.. “Amma əməl etmədilər.

Əli Kərimlinin forsuna, ədasına dözə bilməyən, onun pafoslu çıxışlarından qıcıqlanan Mirmahmud ağa Milli Şuranın iclasında əlini masanın üstünə vuraraq “Ayrıldıq” deməsindən heç bir saat da keçməmiş KXCP sözündən geri döndü. Getdilər və qayıtdılar...

“Siz Allah bağışlayın, biz gedəsi olmadıq” deyib heç nə olmamış kimi qırmızı-qırmızı mətbuata açıqlama verən klassiklər sapında durmayan baltaya bənzəyirdilər. Tüpürcəklərinin yeri qurumamış mövqelərini dəyişən bu insanların düşdüyü gülünc vəziyyət ümumi müxalifətin simasından xəbər verir desək, yəqin ki, yerinə düşərdi.

Siyasətdə saç-saqqal ağardan Mirmahmud ağanın bu addımı başa düşülən deyildi. Onun işıq sürətində fikir dəyişməsi çox gümanki qocalığın əlamətidir. Yoxsa, o, belə etməzdi axı.

Ahıl yaşında qapını çırpıb gedən, pəncərədən qayıdan Mirəlioğlu və onun kimilərin gününə adam bilmir gülsün, yoxsa ağlasın.

Ay qardaş, belə siyasət olar? Bu nədir nə gedən kimi getmirsiz, nə də qalan kimi qalmırsız? Nolub sizə?

Çox istədim bu sualı Mirmahmud ağa cavablandırsın. Onun cavabı mənim üçün maraqlı olardı.

Mirmahmud ağa inciməyin, xərinizə dəymək istəməzdik, amma yaxşı olar ki, partiyadaşlarınızı da yığıb gedin bir dəniz kənarına təmiz hava qəbul edin, bəlkə özünüzə gələrsiz.

Bax, budur Azərbaycan müxalifəti və onların əsl simaları. Budur əsl reallıq. Şərhsiz filan...

Bir şeyi unutmaq lazım deyil ki, müxalifətçilik təkcə hakimiyyətin ünvanına yerli-yersiz böhtanlar yağdırmaq deyil, müxalifətçilik sözündə bütövlükdür, əqidəsindən dönməzlikdir. Bu isə bizim müxalifətdə nə gəzər.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti