Gənc alimlər Gəncədə

Gənc alimlər Gəncədə
  05 May 2014    Oxunub:1477
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası Gəncədə
Azərbaycan Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası növbəti yeniliyə imza atıb. Belə ki, Şura regionlarda yerləşən ali məktəblərdə təhsil alan tələbə və magistrlər üçün “Ən son elmi nailiyyətlərimiz” adı altında müxtəlif elmi istiqamətlər üzrə seminarlar təşkil etməklə, elmin təbliği kampaniyasına start verib. Bununla bağlı, ilk seminar 05 may 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının gəncləri, sonra isə Gəncə Dövlət Universitetinin tələbə və magistrləri üçün keçirilib.

Akademiyadan Gəncə şəhərinə ezam olunmuş gənc alim və mütəxəssislər ilk öncə 04 may 2014-cü il tarixində, Akademiyanın Gəncə bölməsinin gənc alim və mütəxəssislərilə ilə birlikdə Azərbaycanın ən qədim maddi-mədəniyyət nümunəsi olan Tovuz rayonu ərzisindəki Göytəpə arxeoloji kompleksində olmuşlar. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev Neolit dövrünə aid olan bu yaşayış məskəninin tariximizin öyrənilməsi və eləcə də respublikamızda turizmin inkişaf etdirilməsi baxımından əhəmiyyəti haqqında gənc tədqiqatçılara təfsilatlı məlumat verib.

Bu gün gənclər ümummilli lider Heydər Əliyevin Gəncədəki abidəsini ziyarət etdikdən sonra onun adını daşıyan Mərkəzlə də tanış olublar. Daha sonra, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının gəncləri ilə görüş keçirilib və tərəflər arasında əməkdaşlıq məsələlərinin gələcək perspektivləri geniş müzakirə olunub.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, bu təşəbbüsün məhz Gəncə şəhərində keçirilməsinin təqdirəlayiq hadisə olduğunu qeyd edib. Günü- gündən əsrarəngiz libasa bürünən Gəncənin əldə etdiyi nailiyyətlərdən ağızdolusu danışan gənc sədr bildirdi ki, Gəncə gənclərinin şəhərin ictimai- siyasi, sosial- iqtisadi, elmi- mədəni həyatında yüksək fəallığının nəticəsidir ki, Azərbaycanın ilk “Gənclər Paytaxtı” olan qədim Gəncə “Avropa 2016- Gənclər paytaxtı” müsabiqəsinin qalibi olaraq böyük bir uğura imza atdı.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov AMEA-nın yeni rəhbərliyinin Azərbaycanda elmlə təhsilin vəhdətinin gücləndirilməsi, müasir elmi təfəkkürlü gənc mütəxəssislərin yetişdirilməsi, elmin sərhədlərinin mərkəzdən regionlara dogru genişləndirilməsi və s. istiqamətlər üzrə apardığı elm siyasəti haqqında tədbir iştirakçılarına məlumat verib.

AMEA-nın Gəncə bölməsinin direktor müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Samir Pişnamazzadə çıxış edərək, hazırda Gəncədə gənclərin elmi inkişafı, xarici dil, kompyuter biliklərinin artırılması üçün yaradılan möhtəşəm tikililərin, yeni salınan geniş yolların, Heydər Əliyev fondunun dəstəyi ilə 5 əsaslı muzeyin yaradılması həm gəncəli gəncləri, həm də şəhərimizə gələn qonaqları valeh edir. Həmçinin bildirib ki, gənclər təhsildə daha yaxşı nailiyyətlər əldə etməli, onlara yaradılan imkanlardan yararlanmalı və Azərbaycanlı məşhur alimlərin yolunu davam etdirməlidirlər.



Teqlər:





Xəbər lenti