Kembric Universiteti ADİU-nu seçdi

Bu il Kembric Universiteti məsləhət gördüyü təhsil ocaqlarının siyahısına ilk dəfə olaraq Azərbaycan təhsil müəssisəsinin də adını daxil edib. Kembric Qafqaz ölkələrinin universitetləri arasından Azərbaycan Dövlət İqtisad Universitetini (ADİU) seçib. Kitabda Azərbaycanın və regionun qabaqcıl universitetlərindən biri kimi xarakterizə olunan ADİU-nun tarixi, keçdiyi inkişaf yolu, burada həyata keçirilən kadr hazırlığının istiqamətləri və tətbiq olunan müasir tədris texnologiyaları haqqında məlumat əks olunub.
ADİU-nun Xüsusi İstedadlar Qrupunda ingilis dilində tədrisin təşkili, bu qrupları bitirən məzunların Azərbaycan və xaricdə ən prestijli şirkətlərdə çalışması, eləcə də ADİU məzunlarının əksər dövlət qurumlarında asanlıqla iş tapması kimi məsələlər məqalədə xüsusi vurğulananıb. Kitabın oxucularına ADİU-nun beynəlxalq əlaqələri, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və universitet birlikləri haqqında da məlumat verilib.
Dünyada çoxlu sayda oxucusunun olduğu “Üstün olmağa aparan bələdçi” adlı kitaba ADİU-nun da daxil edilməsi universitetin beynəlxalq ali təhsil məkanının aktiv iştirakçılarından birinə çevrilmək istiqamətində mühüm uğurlarından biri kimi dəyərləndirilə bilər. Sözügedən kitabın Kembric Universiteti tərəfindən dünyanın iyirmi minə yaxın universitetinə və təhsil qurumlarına göndərilməsi, eləcə də internet üzərindən online formada bütün dünya ictimaiyyətinə çatdırılması ADİU-nun beynəlxalq imicinin yüksəldilməsinə böyük töhfə olacaq.
Qeyd edək ki, Kembric universiteti dünyada qədim və böyük universitelərdən biri sayılır. Universitet 1209-cu ildə təsis edilib.
AzVision.az