Metroda bankomatlar yığışdırılır? - AÇIQLAMA

Metroda bankomatlar yığışdırılır? - AÇIQLAMA
  06 May 2014    Oxunub:1873
Artıq bir neçə gündür “Bakı Metropoliteni” stansiyalarında ödəmə terminalları və bankomatlar yığışdırılır.
Müşahidələrimiz zamanı bir neçə stansiyada pay-point aparatlarının yığışdırılmasının şahidi olduq. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, bankomatlar və ödəmə terminalları yığışdırılmır, sadəcə bankomatlar digərləri ilə əvəz olunacaq:

“Hazırda Metropoliten ərazisində quraşdırılan bankomatlarla bağlı müvafiq banklara rəsmi müraciət ünvanlanıb. Müraciət sərnişinlərin rahat və təhlükəsiz hərəkətlərinə mane törədən bankomatların dəyişdirilməsi ilə bağlıdır. Müraciət də həm bankomatların, həm də lazım gələrsə yerlərinin dəyişdirilməsi öz əksini tapıb”.

Qurumdan bildiriblər ki, bankomatların dəyişdirilməsinin səbəbi onların iri həcmli olmasıdır:

“Çünki bəzi bankomatlar iri həcmlidir və giriş-çıxışda quraşdırılıb. Bunlar da sərnişinlərin hərəkətinə maneəçilik yaradır. Həmin bankomatların daha müasir və daha yığcam bankomatlarla əvəz olunması tövsiyyə olunub”.

QSC-dən həmçinin bildirilib ki, artıq bu istiqamətdə işlər gedir və bir neçə bank öz bankomatlarını dəyişib:

““Pay-point”lərdə də vəziyyət təxminən eynidir, ancaq ola bilsin ki, onların yerləri dəyişdirilsin”.

Qurumdan bildiriblər ki, bu işlər qısa müddətdə başa çatdırılacaq.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti