Gəncədə yeni məktəbin açılışı oldu

Gəncədə yeni məktəbin açılışı oldu
  06 May 2014    Oxunub:11072
Gəncədə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində 32 saylı orta məktəbin açılışı olub.
AzVision.az xəbər verir ki, burada ibtidai siniflər üçün inşa edilmiş 400 yerlik tədris korpusunun açılışı olub.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək yeni binanın açılışının gözəl bir günə təsadüf etdiyini qeyd edib və Azərbaycanda elmin və təhsilin inkişafına daim diqqət göstərən ulu öndər Heydər Əliyevin ad günü ərəfəsində istifadəyə verilən bu yeni korpusun həm müəllim, həm də şagirdlər üçün qiymətli hədiyyə olduğunu diqqətə çatdırıb.

Şəhərdə aparılan abadlıq və yenidənqurma işlərindən danışan Elmar Vəliyev daha sonra qeyd etmişdir ki, hazırda Gəncənin bir çox məktəblərində də əsaslı təmir işləri aparılır. II Dövlət Proqramına uyğun olaraq 4 saylı məktəb üçün 1000 yerlik, 39 saylı məktəb üçün 1200 yerlik yeni tədris korpusunda inşaat işləri başa çatmaq üzrədir. Növbəti əsaslı təmir işləri isə 41 və 44 saylı məktəblərdə, eləcə də 5 peşə liseyində davam etdirilir.

Sonra valideynlərdən Rəna Əliyeva, məktəbin müəllimi Sevda İbrahimova, eləcə də məktəbin 3-cü sinif şagirdi Əhməd Əhmədov çıxış edərək belə gözəl və yaraşıqlı tədris korpusunun tikintisi üçün ölkə başçısına minnətdarlıq ediblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar 21 sinif otağından və stolüstü idman oyunları zalından ibarət yeni tədris korpusunda yaradılan şəraitlə tanış olublar.


















Teqlər:





Xəbər lenti