Karpovla görüşümün maraqlı tarixçəsi

// Azərbaycanlı şahmatçı ilk dəfə xatirələrini bölüşür

   Karpovla görüşümün maraqlı tarixçəsi
  25 Oktyabr 2022    Oxunub:1851
Pərvanə İsmayılova
Şahmat üzrə qızlar arasında Dünya və Avropa çempionu, FİDE ustası

35 illik şahmat həyatım bir çox maraqlı və şərəfli xatirələrlə zəngindir. Bu dəfə oxuculara dünya şahmat tarixinin canlı əfsanələrindən biri, böyükdən-kiçiyə hər kəsin tanıdığı, canlı korifey və şahmatçıların dostu, beynəlxalq qrossmeyster Anatoli Karpovla bağlı xatirələrimi bölüşəcəyəm. Bu xatirələrim ilk dəfədir ki, geniş oxucu kütləsinə təqdim edilir.
Bu gün bütün şahmatçıların ən böyük arzularından biri Karpovla görüşmək, ünsiyyət qurmaq və onunla şahmat taxtası arxasında mübarizə aparmaq olardı. Bunların hər biri mənə qismət olduğu üçün özümü şanslı hesab edirəm.

1994- cü il. Fransa, Paris. Disneylenddə təşkil edilmiş 12 yaşlı qızlar arasında sürətli (rapid) şahmat üzrə Azərbaycan çempionu olaraq, Avropa çempionatına vəsiqə qazanmışdım. Bu turnir həm keçirildiyi ölkə, həm də yarış keyfiyyətinə görə çox vacib və mühim hesab olunurdu. Avropa çempionatında bir çox ölkələr iştirak edirdilər. Oradan ölkəmizə medalla qayıtmaq həm də məşqçim olan atam tərəfindən qarşıma qoyulan qəti şərt idi.

Azərbaycan yarışda iki nəfərlə təmsil olunurdu. Bir oğlan, bir qız (mən) və bir müəllim olmaqla 3 nəfərlik komandamız Fransaya yola düşdü. Bakı-Moskva-Paris reysi ilə uçmalı idik. Elə alındı ki, Moskva-Paris reysi xeyli gecikdi və diğər təyyarə ilə Parisə uçmalı olduq. Nəhayət, bir müddət sonra növbəti reysin zamanı gəldi və... qarşımda əfsanəvi şahmatçı Anatoli Karpovu gördüm.


Biz həm çox təəccübləndik, həm də sevindik. Karpov getdiyimiz yarışa fəxri qonaq qismində dəvət edilmişdi. Yaxınlaşıb görüşdük və birlikdə qeydiyyatı gözləməyə başladıq. İlk dəfə idi ki, dahi və tanınmış bir qrossmeysteri yaxından görürdüm. Televiziyadan, kitablardan və qəzetlərdən tanıdığım birini belə yaxından görmək mənə çox maraqlı və təəccüblü gəlirdi. Sanki çox diqqətlə ona baxdığımı anladı və üzümə gülümsədi. Onun səmimiyyətlə gülümsəməsi və sadə davranışları məni ruhlandırdı. O anda içimdən bir hiss keçdi: Gözümün önündə özümü yarışın ən yüksək pilləsində canlandırdım. O dəqiqədən sonra tək məqsədim bu yarışda məhz birinci yeri tutmaq oldu.


Parisin hava limanında Karpovu qarşılamağa qırmızı “Pejo” və gözəl bir xanım gəlmişdi. Karpovun bizi orada tək qoymaması və hamımızı maşına dəvət etməsi, otelə qədər aparması bəlkə də kiçik dünyamın ən böyük uğuru idi. Hər dəfə üzümə gülümsəyəndə özümü artıq Avropa çempionu kimi hiss edirdim.

Bu dahi insana qarşı hər zaman müsbət fikirdə olmağım bəzilərində qıcıq yaradıb. Amma bunun səbəbləri çox idi. Tanımadığı Azərbaycan komandasını hava limanında tək qoymaması, bizimlə maşında yeməyini bölüşməsi, cəmi 2 saat əlavə boş vaxtını ilk dəfə gördüyü insanlara sərf etməsi, bizi Parisin görməli və qədim tarixi yerlərində gəzdirməsi, ən əsası, bizimlə çox xoş ünsiyyəti qurması Karpovun dahi şahmatçı olmaqla bərabər, həm də gözəl insani keyfiyyətlərindən xəbər verirdi.

Maraqlı gəzintidən və tanışlıqdan sonra nəhayət, yarış zalına çatdıq. Sonda maşında arxaya dönüb gülümsəyərək, bizdən soruşdu: “Sizi bu qədər maşında gəzdirdim, indi hansınız çempion olacaqsınız?” Dərhal cavab verdim: “Mən çempion olacağam”. O isə “İndi ki, söz verdiniz, deməli, düşüb gedə bilərsiniz” deyərək, bizi yarış zalına uğurladı.


4 gün çəkən çətin və gərgin mübarizələrdən sonra yarış bitdi və mən Avropa çempionu oldum! Arzuma çatmışdım və çox xoşbəxt idim. Ən azından sözümdə durmuşdum və dahi insan məni səhnədə mükafatlandıracaqdı. Bayrağımı ən yüksəyə qaldırıb, ölkəmə yüzlərlə alqış səsləndirəcəkdim. Çox xoşbəxt idim.

Səhnədə hədiyyəmi təqdim etməzdən öncə Karpovun 4 gün əvvəl yaşananları mikrofonla hər kəsə danışması və bir daha gülümsəyərək, əlimi bərk-bərk sıxması yaşadığım ən qürurlu hisslərdən idi. Mənə söz vermişdi və sözündə durdu!

Mükafatlandırma zamanı mənə dedi: “Bunu hər kəs bacarmaz”. 12 yaşlı bir uşaq üçün əfsanəvi şahmatçının dilindən bu sözləri eşitmək çox böyük əhəmiyyət daşıyırdı. Sevinirdim və çox qürurlu idim. Həmin gün mənim yaddaşıma yüksək nailiyyətlərimin unudulmaz və qızıl xatirələrindən biri kimi yazıldı.



Təqdimatdan bir müddət sonra 4-5 titullu şahmatçı ilə Karpovun seans görüşü keçiriləcəyi qeyd edildi. Təbii ki, onlardan biri də mən idim. İlk dəfə dahi Karpovla orada şahmat oynadım. Əlbəttə, məğlub oldum. Amma bu oyun mənim gələcək uğurlarıma yol açdı.



(Davamı var)




Teqlər:





Xəbər lenti