İlk azərbaycanlı sərhədçi general

   İlk azərbaycanlı sərhədçi general
  25 Oktyabr 2022    Oxunub:1702
Bu gün Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında mühüm xidmətlər göstərmiş general-mayor Mustafa Nəsirovun anadan olmasının 101 ili tamam olur. SSRİ dövründə bir sıra məsul hərbi vəzifələrdə işləyən Mustafa Nəsirovun Azərbaycanın müstəqilliyinin bərpasından sonra hərb işinin inkişafında, sərhəd qoşunlarının formalaşdırılmasında da mühüm xidmətləri olub.
General-mayor Mustafa Nəsirov ümumilikdə Azərbaycanın hərb tarixində və ictimai-siyasi həyatında öz izini qoya bilib.

1921-ci ildə qədim Dərbənd şəhərində zəhmətkeş ailəsində dünyaya göz açan əfsanəvi soydaşımız Mustafa Cəfər oğlu Nəsirov yüksək xüsusiyyətlərə malik şəxsiyyətlərdən idi. Atası qulluqçu, anası isə dindar evdar xanım olub. Buna baxmayaraq, valideynləri övladlarının təhsilinə yüksək diqqət və tələbkarlıqla yanaşırdılar. Məhz bu səbəbdən 1940-cı ildə anasının ümdə arzusunu yerinə yetirən Mustafa Nəsirov Dağıstan Dövlət Müəllimlər İnstitutunu bitirərək Sabnov kənd məktəbinin müəllimi qismində işə başlayır. Uzun müddət keçməmiş pedaqoji fəaliyyətini dayandıraraq İkinci Dünya müharibəsinin od-alovuna düşən Mustafa Nəsirov özünü bacarıqlı, qətiyyətli və fiziki cəhətdən möhkəm göstərdiyindən 1942-ci ildə Sərhəd Qoşunlarının Saratov Ali Hərbi Məktəbinə göndərilir. Üçillik kursu doqquz aya bitirən Mustafa Nəsirov Orta Asiya Sərhəd dairəsinə təyinat alır. Müharibə başa çatdıqdan sonra Mustafa Nəsirov hərbi xidmətini davam etməyə qərar verir və 1947-ci ildə Frunze şəhərinə qarnizon komendaturasına rəis vəzifəsinə təyin olunur. Lakin əldə olunan bu nailiyyətlərlə kifayətlənməyən Mustafa Nəsirov biliklərini artırmaq və bacarıqlarını təkmilləşdirmək məqsədilə 1948-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Hərbi Akademiyasına qəbul olunur və 1952-ci ildə Akademiyanı müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Sərhəd Dairəsinin qərargahında döyüş hazırlığı üzrə rəis vəzifəsinə təyin olunur.

Mustafa Nəsirov müxtəlif məsul vəzifələrdə işləyərkən özünü savadlı, intizamlı, tələbkar və qayğıkeş zabit kimi göstərib. Onun sərhədin mühafizəsinin effektivliyinin və səmərəsinin artırılması istiqamətində təşəbbüs və praktiki təklifləri yuxarı rəhbərlik tərəfindən böyük rəğbətlə qarşılanır, daha sonra xidmətdə tətbiq olunması tövsiyə olunurdu. Yüksək savada və analitik düşüncəyə malik Mustafa Nəsirovun hərbi-elmi mülahizələri “Poqraniçnik” jurnalında dərc edilir və oxucular arasında böyük maraqla qarşılanırdı.

Xidmətində hər zaman qüsursuz intizamı və peşəkarlığı ilə fərqlənən, böyük təcrübəyə malik polkovnik Mustafa Nəsirov yüksək potensialına baxmayaraq, uzun müddət xidmətini Prişib, Neftçala və Naxçıvan sərhəd dəstələrində davam etdirir. Bunu Sovet İttifaqı dövründə hərb sahəsində mühüm və məsul vəzifələrə azərbaycanlıların təyinatının çox nadir hallar təşkil etməsi ilə əlaqələndirmək olar.

1969-cu ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə dövlət strukturlarında yüksək intensivliklə milliləşmə prosesinə başlanıldı. Təsadüfi deyil ki, elə bu dönəmdə Mustafa Nəsirov general-mayor rütbəsinə layiq görülərək Zaqafqaziya Sərhəd Dairəsinin komandanının müavini vəzifəsinə təyin olunur. Həmin hadisələri Mustafa Nəsirov belə xatırlayırdı: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, sərhədçilər arasında ilk azərbaycanlı generalam. ... Mənim “general-mayor” ali hərbi rütbəsinə yüksəlməyim xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində mümkün olub. Yüzlərlə, minlərlə azərbaycanlılardan biri kimi, mən də həmişə Heydər Əlirza oğlundan böyük diqqət və qayğı görmüşəm. Mənim həyatımda və taleyimdə bu böyük şəxsiyyətin, dahi insanın xüsusi yeri vardır”.

Mustafa Nəsirov hər zaman öz prinsiplərinə sadiq, təvazökar və ədalətli mövqe nümayiş etdirib. Bunun bariz nümunəsi olaraq oğlunun Vətən qarşısında borcunu yerinə yetirmək üçün Əfqanıstana yola düşməsinə xeyir dua verməsini qeyd etmək olar. Oğlu Elşad xidmətini layiqincə başa çatdırıb, döyüş təltifləri ilə mükafatlandırılaraq geri qayıdır.

Xidmətini başa vurub istefaya çıxdıqdan sonra general-mayor Mustafa Nəsirov Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının sədri vəzifəsinə seçilib. 1993-cü ildə böyük təcrübəsi, yüksək savadı və peşəkarlığı nəzərə alınaraq Mustafa Nəsirov Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində sərhəd məsələləri üzrə baş məsləhətçi vəzifəsinə təyin olunub.

Qarabağda döyüşlərin başlanması ilə Mustafa Nəsirov sədrlik etdiyi Veteranlar Şurasının üzv zabitlərini təşkilatlandıraraq, cəbhə bölgəsinə səfərlər təşkil edib, hərbi konsultasiyalar keçirib, müharibədə uğurların əldə olunması üçün bütün güc və vasitələrini səfərbər edib.

Azərbaycan Sərhəd Qoşunlarının əfsanəvi əməkdaşı adlandırılan general-mayor Mustafa Nəsirov həyatının 45 ilini sərhədçi zabit qismində Vətəninin hüdudlarının mühafizəsinə, xalqının təhlükəsizliyinə və dövlətçiliyin qorunmasına həsr edib. Onun həyat yolu, keçdiyi keşməkeşli hərbi xidmət illəri gənc nəsil üçün böyük örnək və nümunədir. Bu illər ərzində general Mustafa Nəsirov üç ordenlə və müxtəlif respublikaların 30-a yaxın medalı ilə təltif olunub. Bundan əlavə, Mustafa Nəsirov “SSRİ DTK-nın Fəxri Əməkdaşı”, “Əməkdar Hüquqşünas” və “Dərbənd Şəhərinin Fəxri Vətəndaşı” fəxri adlarına layiq görülüb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 24 oktyabr tarixli sərəncamı ilə Mustafa Cəfər oğlu Nəsirov "Şöhrət" ordeni ilə təltif edilib.

Mustafa Cəfər oğlu Nəsirov Azərbaycanda milli kadrların hazırlanmasında mühüm xidmətləri var. Bu gün Azərbaycanın neçə-neçə zabiti generalın yolunu uğurla davam etdirir.

Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 27 may 2012-ci ildə Bakıda vəfat edib.

AzVision.az



Teqlər: General   Sərhədçi  





Xəbər lenti