Azərbaycan-Qazaxıstan: 2022-ci ilin yekunları – Astanadan baxış

      Azərbaycan-Qazaxıstan:    2022-ci ilin yekunları –    Astanadan baxış
  09 Yanvar 2023    Oxunub:3465
Andrey Çebotaryov *
Xüsusi olaraq AzVision.az üçün

Qazaxıstanın Azərbaycanla münasibətləri bir sira amillərə görə çox yaxındır. Hər şeydən öncə azərbaycanlıların və qazaxların vahid etno-linqvistik birliy var – hər ikisi türkdillidir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında (TDT), Türkdilli Ölkələrin Parlament Assambleyasında (TürkPA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) iştirak edir. Bundan başqa, onlar Xəzər dənizində qonşudurlar və buna görə nəinki ikitərəfli qarşılıqlı əlaqədədirlər, həm də Xəzər regionunun inkişafı istiqamətində əməkdaşlıq edirlər.
2022-ci ildə Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev ilə Qasım-Jomart Tokayev müxtəlif beynəlxalq tədbirlərdə dəfələrlə görüşüblər. Tokayevin avqustun 24-də Azərbaycana səfəri xüsusilə zəngin olub, nəticədə iki ölkə arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi haqqında Bəyannamə və əməkdaşlığın müxtəlif sahələrinə dair digər sənədlər imzalanıb.

Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinə tərəfdar olan Qazaxıstan indiki halda birincinin xeyrinə dövlətin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış prinsipinin qorunmasının tərəfdarıdır. O, 2020-ci ilin sentyabrında ikinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar müharibə edən ölkələri bir daha güc tətbiqindən əl çəkməyə və danışıqlara başlamağa çağırıb. Üstəlik, o zaman Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) sədri olan respublika bu strukturun imkanlarından istifadə edərək, öz köməyini təklif edib. Görünür, bu təklif hələ də qüvvədədir.
2023-cü ildə Azərbaycan-Rusiya əlaqələri necə olacaq – Moskvadan baxış

Ermənistanın 2022-ci ilin sentyabrında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi yardımdan imtina etməsi də Qazaxıstan və Qırğızıstanın Azərbaycana dost münasibəti ilə bağlı olub.

Qazaxıstan elitasının aparıcı nümayəndələrindən biri İmanqali Tasmaqambetovun 2023-2026-cı illər üçün KTMT-nin baş katibi təyin olunması da əhəmiyyətlidir. Onun fəaliyyətinin maksimum dərəcədə Qazaxıstanın bu təşkilatda maraqlarını təşviq etməyə yönələcəyi gözləniləndir. Tasmaqambetov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün də müəyyən səylər göstərə bilər.

2022-ci ilin 11 ayı ərzində Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı ticarətin həcmi 549,8 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə təxminən 5 dəfə çoxdur. 80-dən çox Qazaxıstan şirkəti Azərbaycana öz məhsullarının, o cümlədən neft və neft məhsulları, metal məmulatları, tikinti materialları, kimyəvi xammal, buğda və s. ixrac edir. 2022-ci il iyunun 7-də Bakıda keçirilmiş Qazaxıstan Respublikası İstehsalçılarının Ticarət-İqtisadi Missiyasının yekunlarına əsasən, qazaxıstanlı iştirakçılar azərbaycanlı tərəfdaşlarla ümumi məbləği 38 milyon ABŞ dollarından çox olan 8 ixrac müqaviləsi imzalayıblar.
1995-2021-ci illərdə Azərbaycan Qazaxıstan iqtisadiyyatının qeyri-emal sektoruna 200 milyon dollardan çox sərmayə qoyub. Ölkədə Qazaxıstan kapitalının iştirakı ilə tikinti, ticarət, xidmət, kənd təsərrüfatı və nəqliyyat sahələri ilə məşğul olan 159 şirkət var.


Hər iki ölkə bir-biri ilə əlaqələr çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərir. 2013-cü ildən Qazaxıstan, Azərbaycan və Gürcüstan ardıcıl olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM) inkişaf etdirirlər. Çindən Türkiyəyə və Avropa ölkələrinə konteyner daşımaları bu marşrut boyu dəmir yolu, qismən də dəniz yolu (Xəzər dənizi vasitəsilə) ilə həyata keçirilir. 2014-cü ilin fevralında TBNM-in İnkişafı üzrə Koordinasiya Komitəsi yaradılıb, ona ilkin olaraq üç ölkənin dəmir yolu və dəniz daşıyıcıları daxil olacaq. Daha sonra 2016-cı ilin dekabrında “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının yaradılması qərara alınıb. Eyni zamanda, iştirakçıların tərkibi Çin, Türkiyə, Polşa, Rumıniya və Ukraynadan maraq göstərən kommersiya strukturlarının qoşulması hesabına artıb.

2022-ci ilin martında Azərbaycan, Gürcüstan və Qazaxıstan tariflərin müəyyən edilməsi, yük bəyannaməsi, vahid İT həllərdən istifadə və tranzit yüklərin konsolidasiyası ilə məşğul olan birgə müəssisənin yaradılması barədə razılığa gəliblər. Sonradan Türkiyə də onlara qoşuldu. TBNM Assosiasiyasının baş katibi Qaydar Abdikerimovun sözlərinə görə, Birgə Müəssisə 2023-cü ilin əvvəlində və ya ortalarında rəsmi qeydiyyatdan keçəcək. 2022-ci ilin 9 ayı ərzində bu marşrut üzrə yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 1 milyon 84 min ton təşkil edib. Ümumilikdə bu marşrutla ildə 10 milyon tona qədər yük, o cümlədən 200 minə qədər konteyner daşımaq imkanları var.

Qarşılıqlı faydalı əməkdaşlığın digər perspektivli istiqaməti Qazaxıstan neftinin ixrac marşrutlarının şaxələndirilməsidir. Ötən il neftin Xəzər boru kəməri ilə Rusiyaya göndərilməsində müşahidə olunan uğursuzluqlardan sonra “KazMunayQaz” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu prosesin Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə həyata keçirilməsinə dair razılığa gəliblər. 2023-cü il yanvarın 1-dən bu marşrutla nəql edilən neftin həcmi 1,5 milyon tona çatacaq.

Tərəflər bu həcmin 6-6,5 milyon tona çatdırılması perspektivlərini müzakirə edirlər. Ancaq BTC-yə vurulmaq üçün birbaşa neft tədarük edəcək şirkət hələ müəyyən edilməyib (bu, vaxtilə “Tengizşevroyl” MMC olub – red.). Bundan başqa, bu sazişlərin həyata keçirilməsi, birincisi, neft hasilatının həcmindən, ikincisi, müvafiq şirkətin neftini dəniz yolu ilə Bakıya daşımaq üçün maliyyə imkanlarının olub-olmamasından xeyli asılı olacaq.

Beləliklə, 2022-ci ilin yekunlarına görə Qazaxıstan-Azərbaycan münasibətləri kifayət qədər müsbət tendensiya nümayiş etdirir. Bu öz növbəsində 2023-cü ildə bir sıra mövcud və perspektivli sahələrdə onların genişlənməsinə kömək edir.

* Andrey Çebotaryov - “Alternativa” Müasir Araşdırmalar Mərkəzinin (Qazaxıstan) direktoru


Teqlər:   Qazaxıstan   Region  





Xəbər lenti