Şair-publisistin 80 yaşı qeyd olunub

Şair-publisistin 80 yaşı qeyd olunub
  30 May 2014    Oxunub:3861
Tanınmış şair, nasir, publisisit Məmməd Kazımın anadan olmasının 80 illiyi tamam oldu.
1934-cü il mayın 25-də Azərbaycanın dilbər guşələrindən olan Masallı rayonunun Tatyan kəndində anadan olan Məmməd Kazım 1962-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1969-cu ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri şirkətində redaktor, 1971-83-cü illərdə isə “Hünər” hərbi-vətənpərvərlik redaksiyasının baş redaktoru və aparıcısı kimi fəaliyyət göstərib.

Ədəbi-bədii fəaliyyətə gənc yaşlarından şeirlə başlayıb, “Qönçə şeirlər” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb. İndiyə qədər “Zirvəyə yol axtarıram”, “Xəzər laylası”, “Xatın zəngləri”, “Leytenant Kərimov və dostları”, “Taleyim, qismətim”, “Gələrəm görüşünə”, “Hünər” və sair bu kimi şeir, poema, nəsr, dram kitabları dərc olunub. Məmməd Kazımın Tatarıstanın Xalq şairi Robert Minnullinin şeirlərindən tərcümələri müstəqillik dövrü poetik tərcümə işinə layiqli töhfəsidir.

Doğma yurdun təbii gözəllikləri və tarixi keçmişinin, vətəninin qəhrəman oğul və qızlarının tərənnümü, sevginin vəsfi, müharibələrə qarşı kəskin etiraz, sülhə, xoşgörüyə, barışa çağırış, neqativ sosial təzahürlərə qarşı satirik ironiya onun sadə və xəlqi dildə qələmə alınan, janrca zəngin, məzmunca dolğun əsərlərinin ümdə xüsusiyyətləridir.

Məmməd Kazımın ədəbiyyat sahəsindəki xidmətlərinin mühüm bir qolunu naşirlik fəaliyyəti təşkil edir. Onun baş redaktoru olduğu “Qala” ədəbi-bədii qəzeti ədəbi prosesin nəinki bölgələrdə, hətta ümumrespublika miqyasında canlandırılması və bir çox gənc istedadların üzə çıxarılması işində böyük rol oynayıb. Vaxtilə ilk yazılarını dərc etdiyi və bu gün ədəbiyyatımızın aparıcı imzalarına çevrilmiş gənclər haqlı olaraq onu öz ustadları sayırlar.

Qocaman söz ustasının anadan olmasının 80 illiyi münasibətilə “Ay işığı” restoranında tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangirin aparıcılığı ilə düzənlənən möhtəşəm yubiley törənində ədəbiyyatımızın müasir isimlərindən Çingiz Əlioğlu, Vaqif Yusifli, Nizaməddin Şəmsizadə, Hüseynbala Mirələmov, Elçin İskəndərzadə, Ağacəfər Həsənli, Oqtay Rza, Ənvər Əhməd və digərləri ilə yanaşı, ədəbi gəncliyin çoxsaylı təmsilçiləri, dövlət adamları, yubilyarın ailə üzvləri və dostları, mətbuat və internet saytlarının nümayəndələri də iştirak etdilər. Rəsmi təbrik məktubları oxundu, çıxışçılar şairin həyat və yaradıcılıq yolundan danışdılar, bundan sonrakı fəaliyyətində də qocaman söz ustasına uğurlar və can sağlığı dilədilər. Ünlü sənət adamlarından Niyaməddin Musayev, Səyyad Əlizadə, Zəka Vilayətoğlu və digərlərinin qatıldığı yubiley şənliyi əsil sənət bayramına çevrildi.


Teqlər:  





Xəbər lenti