“Ana Ermənistan” hərəkatının İrəvan merliyinə namizədi, siyasətçi Andranik Tevanyan bütün uğursuzluqların açarının Nikol Paşinyan olduğunu deyib. O, "Mamul"a açıqlamasında qeyd edib ki, ölkəsinin, ermənilərin üzləşdiyi problemlərlə BMT deyil, daha kiçik təşkilatlar məşğul olacaq.
“BMT-nin, rusların, amerikalıların və başqalarına ədaləti, Papanın mərhəməti, sülh üçün dua edərək və Manhettenə gəlib istədiklərimizi ala bilmədik. Həmişə bir şeyi yadda saxlamalıyıq ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan və Ermənistanın varlığını şübhə altına alan başqaları deyil, Nikol Paşinyan olub. Qalan məsələlər sadəcə lirikadır... Hələlik İrəvanda problemləri həll etmək olar. Çox vaxtımız da qalmayıb. Belə davam edərsə, ölkəmizlə BMT deyil, ancaq Qırmızı Xaç məşğul olacaq”.
Ermənistan parlamentinin keçmiş deputatı, azərbaycanşünas alim Tatevik Ayrapetyan isə hansısa super dövlətin deyil, Mozambikin iclasda onlar üçün etdiklərini tərifləyib. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında aparılan müzakirə sadəcə Laçın dəhlizinin əvvəlki qaydada nəzarətsiz fəaliyyətinin bərpası üçün kollektiv çağırış oldu. "Lakin Azərbaycanın bu çağırışa məhəl qoymaması halında bundan sonra nələrin baş verəcəyi barədə heç bir məlumat verilmədi. Fikrimcə, müzakirələr və əksər çıxışlar Qarabağ ermənilərinin vəziyyətin "ciddiliyi və gərginliyi" ilə müqayisə olunmaz idi. Çıxışların əksəriyyəti təkrarlanırdı. Bütün nümayəndələr arasında ən aydın çıxış Fransanın oldu. Mozambikli təmsilçi isə beynəlxalq ictimaiyyətin məsuliyyətindən danışdı", - eks-deputata qeyd edib.
Rəsmi Bakıdan BMT-də İrəvanın əsassız ittihamlarına tutarlı cavab |
Politoloq Ara Poqosyan isə şantaj uğursuzluqlarını qısa şərh edib. O, əsas müttəfiqlərindən sayılan Moskvann İrəvana dəstək göstərməmədiyi üçün qınayıb.
- Rusiya nümayəndəsinin Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı fikirlərinə birbaşa istinad edərək Qarabağ məsələlərinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nəzərdən keçirəcəyi gözlənilən idi. Biz BMT Təhlükəsizlik Şurasının iclasının nəticələri ilə bağlı belə bir yekun nəticəyə gələ bilərik ki, hamı sadəcə bir sözü dedi: Mən narahatam, sən narahatsan, o da narahatdır və ümumilikdə biz narahatıq... Yeri gəlmişkən, ABŞ nümayəndəsinin çıxışı Rusiya təmsilçisindən daha çox ermənipərəst idi.
Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan deputatı Artur Xaçatryan da jurnalistlərə açıqlamasında məyusluğunu gizlətməyərək məsələni qısa şərh edib. O qeyd edib ki, əsl günahkarı ölkə rəhbərliyində axtarmaq lazımdır: "Utancvericidir... Hamı bir araya gəldi, danışdılar, dağılışdılar. Onlar həmçinin Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın bu ölkənin suveren ərazisi olmasını tanıdığını xatırlatdılar".
Tural Tağıyev
AzVision.az