Koçaryan ailəsi qanunsuz əmlak işinə görə prokurorluğa çağırılıb

 Koçaryan ailəsi qanunsuz əmlak işinə görə  prokurorluğa çağırılıb
  18 Avqust 2023    Oxunub:1120
Ermənistanın eks-prezidenti, hərbi cani Robert Koçaryanın ailəsi prokurorluqda izahat veriblər. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan prokurorluğu məlumat yayıb.
Qeyd edilir ki, “Multi Group” konserninin direktoru Sedrak Arustamyan, onun ailə üzvləri, həmçinin Levon və Siruşo Koçaryanların nümayəndələri qanunsuz əmlakın müsadirə edilməsi işi ilə bağlı prokurorluqda olublar.

“Səlahiyyətli orqan istintaq zamanı toplanmış materialları prokurorluğa gələn şəxslərə təqdim edərək, qanunla müəyyən edilmiş müddətdə sənədlərlə tanış olmağı və öz mövqelərini bildirməyi təklif edib”, - prokurorluğun yaydığı məlumatda qeyd edilir.

Adı çəkilən şəxslərin heç biri hələlik öz mövqeyini səlahiyyətli orqana təqdim etməyib.

Koçaryan çirkli pulları ABŞ-a daşıyıb - Yeni malikanələr aşkarlandı
Xatırladaq ki, Ermənistan Prokurorluğu “Qanunsuz əmlakın müsadirəsi haqqında” qanunun 16 və 17-ci maddələrini rəhbər tutaraq, ölkənin eks-prezidenti Robert Koçaryanın ailə üzvlərinə məhkəməyə çağırış vərəqələri göndərib. Koçaryan ailəsi avqustun 1-də prokurorluğa gəlməli idilər. “Multi Group” konserninin direktoru Sedrak Arustamyan və onun ailə üzvlərinə gəlincə, onlar avqustun 3-də prokurorluğa çağırılıblar.

Qeyd edək ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun vəsatəti əsasında Robert Koçaryan və ailə üzvlərinə məxsus əmlaklara həbs qoyub.

Söhbət 20 daşınmaz əmlak, 2 avtomobil, ümumi məbləği 1,5 mln. dollar olan vəsait və 10 mlrd. dramlıq qiymətli kağızlardan gedir. R.Koçaryanın ölkədəki və xarici şirkətlərdəki payları da bura daxildir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Koçaryan   Prokurorluq  





Xəbər lenti