İranda gizli etirazlar: “Biz mübarizəmizi dayandırmayacağıq”

   İranda gizli etirazlar:    “Biz mübarizəmizi dayandırmayacağıq”
  20 Sentyabr 2023    Oxunub:670
Məhsa Əmininin vəfatından və İran vətəndaşlarının rejimə qarşı ümummilli qiyamının başlamasından bir il keçdikdən sonra, iranlı gənclərin mübarizəsi müxtəlif formalarda davam edir.
AzVision.az xəbər verir ki, “The Guardian” qəzeti bəzi iranlı gənclərlə müsahibələrinə istinadən “Qadın, Həyat, Azadlıq” hərəkatı zamanı rejimin devrilməsinə çağıran etirazçılara qarşı hökumətin geniş həbs və zorakılıqlarına baxmayaraq, iranlıların gizli şəkildə mübarizələrini davam etdirdiklərini yazır.

Tehranda yaşayan tələbə və DJ Rza etirazları davam etdirmək üçün “inqilab yönümlü” musiqilər yazdığını bildirir.

“Ola bilər ki, biz müvəqqəti olaraq küçə etirazlarını tərk etmişik, amma hökumətə qarşı mübarizəni dayandırmamışıq. Etiraz xarakterli musiqilər hazırlamaq və internetdə geniş yayımlamaqla xalqa və hökumətə elan edirik ki, küçələrdə olmasaq da, hakim faşist rejiminə qarşıyıq. Məcburi hicaba qarşı çıxmaq, rəqs etmək və oxumaq kimi şeylər digər ölkələrin vətəndaşları üçün normal hesab olunur, lakin İranda bütün bunlar cinayət sayılır və biz onları gizli şəkildə etməliyik, ona görə də bütün bu hərəkətlər bir növ gündəlik mübarizədir”, - DJ Rza deyib.

İsfahanlı 19 yaşlı tələbə Gülnaz isə etiraz aksiyaların təşkili üçün mütəmadi olaraq yeraltı toplantılarda iştirak etdiyini və sənətə olan sevgisini rejimə qarşı müxalifət formasına çevirdiyini söyləyib.

- Bir çox insanlar düşünür ki, etirazlar indi yalnız evlərdə, çardaqlarda və ya qarajlarda keçirilir. Amma biz gizli fəaliyyətlərimizlə yanaşı, müxtəlif yollarla, o cümlədən küçəyə hicabsız çıxmaq da daxil olmaqla, vətəndaş etirazları edirik. Biz məcburi hicaba meydan oxumaqda davam edirik, insanlarla danışaraq daha çox insanı məlumatlandırmağa çalışırıq və bilirik ki, yaxın gələcəkdə böyük dəyişikliklər görməsək də, sonda qalib gələcəyik”, - Gülnaz vurğulayıb.

Onun sözlərinə görə, əgər rejim zorakılıq yolu ilə Məhsənin ölümünün ildönümündə insanların küçələrə çıxmasının qarşısını ala bilibsə, etirazları davam etdirmək üçün hələ çox yollar var.
AzVision.az


Teqlər:





Xəbər lenti