İranda “Leyla qardaşları” filminin yaradıcıları barədə məhkəmə hökmü təsdiqlənib

İranda “Leyla qardaşları” filminin yaradıcıları barədə məhkəmə hökmü təsdiqlənib
  25 Sentyabr 2023    Oxunub:1040
İranın Apellyasiya məhkəməsi “Leyla qardaşları” filminin yaradıcıları ilə bağlı aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
AzVision.az xəbər verir ki, vəkil Babək Pakniyanın öz Twitter hesabında yaydığı məlumatda Appelyasiya məhkəməsinin filmin yaradıcılarına kəsilən ilkin cəzanı dəyişdirmədiyi bildirilir.

Məşhur rejissor və ssenarist Səid Rustayi çəkdiyi “Leyla qardaşları” filmini Kann Film festivalında nümayiş etdirdiyinə görə bir müddət əvvəl Tehran İnqilab məhkəməsinin 26-cı şöbəsi tərəfindən altı ay həbs cəzasına məhkum olunmuşdu.

“Əsaslandırılmış qanun layihəsinin təqdim edilməsinə baxmayaraq, Apellyasiya məhkəməsinin 36-cı şöbəsi “Leyla Qardaşları” filminin istehsalına görə, cənab Səid Rustayi və Cavad Novruzbeygi ilə bağlı ilkin hökmü təsdiqləyib. Apellyasiya məhkəməsinin qərarında, sadəcə, Qumdakı təlim kursunda iştirak etmək və sənətçilərlə əlaqə saxlamamaq orijinal sənəddən çıxarılıb. Bu işdə cinayətlərin və cəzaların qanuniliyi prinsipinin pozulması ilə əlaqədar olaraq, icraatın bərpası tələbi Ali Məhkəməyə təqdim ediləcək”, - Pakniya deyib.

Ötən il iyunun sonunda İranın Kino təşkilatı “Leyla qardaşları” filminin nümayişinə qadağa qoyulması barədə göstəriş verib. Bunun səbəbi kimi əsərin prodüseri və rejissorunun reqlamenti pozması və tabe olmaması göstərilib.

Sözügedən qurum Səid Rustayinin Rəhbərlik nazirliyinin tələbi çərçivəsində dəyişikliklər aparmadan öz filmini Kann Film festivalında nümayiş etdirdiyini vurğulamışdı.
AzVision.az



Teqlər: İran   məhkəmə  





Xəbər lenti