Ərdoğan "İndi Xocalıda kimlər var? Xocalının əsl sahibləri"

     Ərdoğan  "İndi Xocalıda kimlər var? Xocalının əsl sahibləri"
  26 Sentyabr 2023    Oxunub:1092
"Azərbaycanla əməkdaşlığını yeni layihələrlə bir addım daha irəli aparmaq Tükiyə üçün xoşbəxtlikdir".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı bir çox ikitərəfli və regional məsələləri müzakirə edib.

"Azərbaycanın haqq işinə güclü dəstəyimizi bir daha bəyan etdim. Antiterror əməliyyatında qazanılan tarixi uğura görə əziz Azərbaycanımızı bir daha təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Azərbaycan Ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir".

Ərdoğan əlavə edib ki, Türkiyə bütün proseslərdə Azərbaycanın yanındadır: "Keçən həftə BMT Baş Assambleyasına müraciətimdə dəstəyimizi qətiyyətlə vurğuladım. Əməliyyat nəticəsində Azərbaycanın bütün Qarabağ üzərində suverenliyi möhkəmləndirildi. Daha da önəmlisi, 44 günlük Vətən müdafiəsindən sonra bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkan pəncərəsi açıldı. Bu fürsəti dəyərləndirmək fikrimiz hər kəsə məlumdur".

Türkiyə lideri qeyd edib ki, Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub:

"Ermənistan hazırda Xocalı qətliamının əvəzini ödəyir və ödəyəcək. Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyondan artıq azərbaycanlı sözün əsl mənasında qovulub. Hara? Azərbaycana. İndi on ildən sonra Azərbaycan bu qətliamın cavabını tələb edir. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməyib. İnsanları qırmaq üçün daxil olmayıb. Yəni Azərbaycan qələbələrin müjdəsi ilə öz torpağına daxil olub. İndi Xocalıda kimlər var? Xocalının əsl sahibləri.

İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır".

AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti