Tehran Moskvanın silah ehtiyaclarını ödəyə bilmir

Tehran Moskvanın silah ehtiyaclarını ödəyə bilmir
  27 Sentyabr 2023    Oxunub:925
Ukraynaya qarşı müharibədə İran Rusiyanı silahla təchiz etməkdən “uzaqlaşmağa” çalışır.
AzVision.az xəbər verir ki, “The Guardian” qəzeti Ukrayna hökumətinin hesabatına istinadən belə məlumat yayıb.

Ukrayna hökumətinin ötən ay "Böyük Yeddilik" qrupuna daxil olan ölkələrə təqdim etdiyi 47 səhifəlik hesabata əsasən, İran artıq Ukraynada pilotsuz təyyarələrin “Rusiyanın ehtiyaclarını və istifadə intensivliyini ödəməyə qadir deyil”.

Zelenski hökumətinin hesabatında, həmçinin təkcə son üç ayda Ukrayna şəhərlərinə 600-dən çox dron hücumunun həyata keçirildiyi vurğulanıb.

Ukraynanın “G-7” qrupunun üzvlərinə verdiyi hesabatda İranın silah istehsal xəttinin bir hissəsini “Suriya fabriki”nə köçürdüyü, lakin pilotsuz təyyarələrin istehsalını Tatarıstanın Alabuqa bölgəsinə daşıdığı bildirilir.

Sənəddə qeyd olunur ki, “Şahid 131” pilotsuz təyyarəsinin “52 elektrik hissəsi” və “Şahid 136”nın “57 hissəsi” Avropa şirkətləri tərəfindən hazırlanıb. Britaniya şirkətinin Polşa filialı da daxil olmaqla, beş Avropa şirkətinin adı həmin hissələrin istehsalçısı kimi göstərilib.

İndiyə qədər Qərbdə təqdim olunan çoxsaylı dəlil-sübutlara baxmayaraq, Tehran hələ də “Ukrayna müharibəsində istifadə üçün” Rusiyaya pilotsuz təyyarələr göndərmədiyini təkid edir. Digər tərəfdən, rəsmi xəbərlərin əksəriyyətində Ukrayna hökuməti şəhərlərinin məhz İran PUA-larının hücumuna məruz qaldığını vurğulayır.
AzVision.az




Teqlər: İran   Ukrayna  





Xəbər lenti